Prezidentin Xankəndiyə səfəri yüksək qiymətləndirilib - SORĞU

Azərbaycanda respondentlərin 97,8%-i Prezident İlham Əliyevin Prezidentin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarına səfərlərini izləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.

Qeyd olunub ki, onların 31,3%-i bu hadisələri tam izlədiyini, 66,5%-i müəyyən qədər izlədiyini ifadə edib. Respondentlərin cəmi 2,2%-i izləmədiyini qeyd edib.

Bildirilib ki, Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərləri və burada dövlət bayrağını ucaltması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası kimi müstəsna əhəmiyyətə malikdir. Bu tarixi hadisənin dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf etməsi ərazi bütövlüyü barədə verilən tarixi vədin, şərəfli missiyanın uğurla yerinə yetirilməsinin ifadəsidir.

Azərbaycan onun dövlətçiliyinə qarşı 200 illik işğal siyasətini sonlandıraraq, yeni siyasi təqvimlə, yeni dövlət və millət quruculuğu kursu ilə dünyada bənzərsiz fenomen yaradıb. Qazanılan qələbə sülhün və təhlükəsizliyin regional və beynəlxalq müstəvidə inkişafına mühüm tarixi və siyasi töhfə verib.

Sorğuda ölkə rəhbərinin tarixi səfəri ilə yanaşı, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azəbaycan bayrağını ucaltmasına da ictimai münasibət öyrənilib. Nəticələr bu tarixi hadisənin ölkə əhalisi tərəfindən milli qürur hissi və qələbə ruhu ilə qarşılandığını göstərib. Belə ki, “Prezidentin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azəbaycan bayrağını ucaltması sizdə milli qürur hissi və qələbə ruhu yaratdımı?” sualına bütün respondentlərin cavabı birmənalı müsbət olub.

Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 18 – 20 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 1212 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.

Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR