Uzaqdakı ən yaxın Pakistan

Uzaqdakı ən yaxın Pakistan
16:49 19 Yanvar 2015
524 Dünya
Ölkə mətbuatı
A- A+

(1-ci hissə)

 

Orda bir ölkə var – paklıqdan gələn...

Coğrafi məqamı uzaq olsa da, yaxından yaxındı ruh baxımından. Əzizdən əzizdi ünvanı bizə.

Orda – Güney Asiyada bir dost, qardaş ölkə var.

O ölkə ki, doğma Azərbaycanımız müstəqilliyini bərpa etdiyi günlərdə onu ilkin olaraq tanıyan üç ölkədən biri oldu.

O ölkə ki, doğma, əbədi və əzəli torpaqlarımızı işğaldan azad etmədiyinə görə bütün şirnikləndirici vədlərə, əməkdaşlıq çağırışlarına baxmayaraq işğalçı ermənilərin, Ermənistanın üzünə qapılarını açmır, hər cür əlaqə təkliflərini rədd edir.

O ölkə ki, Parlamentində Xocalı soyqırımını tanıyan, erməni vəhşiliklərini kəskin pisləyən 2 qətnamə qəbul edib.

Bu, bütün beynəlxalq platformalarda Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı dəstəkləyən Pakistandır.

Ərazisinin böyüklüyünə görə dünyanın 36-cı böyük ölkəsi olan Pakistan!

Əhalisinin sayına görə dünyada 6-cı sırada yer tutan Pakistan!

Ən böyük müsəlman əhalisinə malik ikinci ölkə...

Silahlı qüvvələrinin sayına görə dünyada səkkizinci yeri tutur.

Ənvər Əl Sadatdan sonra Nobel mükafatına layiq görülən və elm sahəsində bu mükafata ilk olaraq sahib çıxan ilk müsəlmanın – fizika nəzəriyyəçisi Mohammad Abdus Salamın vətəni olan Pakistan...

Dünyanın ən gənc Nobel mükafatçısı Molala Yusifzainin dünyaya göz açdığı Pakistan...

Və nəhayət, dünyada ən çox qaçqının sığınacaq tapıb məskunlaşdığı ölkələrin önündə gələn dövlətlərdən biri, xeyirxah ölkədi Pakistan.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ruhum, qəlbim, düşüncəm, Yaradanım mənə “adlar içində adı-ünvanı doğmadan-doğma, əzizdən əziz olan dost, qardaş Pakistan dövləti haqqında düşüncələrini yazıya al, kitaba köçür” deyir. Bu gözəl səslənişə bütün ruhumla, düşüncələrimlə, hafizəmin imkan verdiyi qapsam çevrəsində əməl etmək istəyirəm. Bilirəm ki, bu, mənim eyni zamanda da vəfa borcumdu. “Əssalam, ey doğma, əziz Pakistan! – söyləyirəm. – İslam daşıyıcısı, müsəlman toplumu olan varlığına salam olsun”.

Tarixinə, bu gününə və gələcəyinə salam olsun. Əbədi-əzəli və dönməz dostluğumuza, anlaşmamıza, etibarımıza salam olsun...

Salamlarımın heç əskik olmadığı İslamabadı – Pakistanın baş şəhərini göz önünə gətirdikcə Şərqin böyük bir dühasının, könül adamının dediklərini anır, anıram: “Bir şəhərdə ki, insanların birliyi qarşılıqlı kömək məqsədi daşıyır və bunun nəticəsində əsl xoşbəxtliyə nail olunur, demək bu şəhər xeyirxahlıq şəhəridir”.

Xeyirxahlıq ölkəsi kimi görüb-tanıdığım Pakistandan, dostluq-qardaşlıq şəhəri kimi köksümə sıxdığım İslamabaddan, bu gözəl ölkənin bölgələrindən söz açmaq istəyirəm; ruhumun dərinliyindən gələn “Əssalamu əleykə” sayğısı, istəyi ilə...

 

 

 

“Cive, cive, cive, Pakistan”

 

Bir az da, bir az da dərinə gedib, ötənləri ansaq indiki Pakistan ərazisində 15-ci yüzildə fırtına kimi əsən Türk-Moğol kökənli dövlətin, Babur imperiyasının (Böyük Moğol İmperiyasının davamı),qurucusu  və ilk hökmdarı, Türk hökmdarı Babur şahı anmalı olacağıq; görkəmli dövlət xadimi və ədib, eyni zamanda Orta Asiya türk ədəbiyyatının Nəvaidən sonra ən böyük siması olan Babur şahı... nəsrlə yazılmış “Baburnamə” əsərindən başqa Nəvai üslubunda şeirlərini oxumuşuq ta gəncliyimizdən:

 

Canımdan özgə yari vəfadar tapmadım,

Könlümdən özgə məhrəmi əsrar tapmadım.

 

Canımdan özgə canına dil-əfkar görmədim,

Könlüm kimi könlünə giriftar görmədim...

 

Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi  Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur, eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın  Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur.

Davamı da var... Bu, o Babur şahdı ki, “Ta bilinə hər kişinin təbi ilə haləti” deyib də səsləniş edirdi 1483-1530-cu illərin ucalığından. Ancaq səsi, ruhu yaxından yaxın, doğmadan-doğma kəlmədədi.

Bəlkə dünyalarca məşhur Tac-Mahalı yapdıran, adı 16-cı yüzilin səhifəsinə vəfadarlıq simvolu kimi həkk olunan, Türk-Moğol imperatorluğunun Teymuroğulları xanədanlığının 5-ci hökmdarı Cahan Şahdan söz açaq bir az... Dünyanın ən zəngin taxt-tacına sahib idi. Ötkün hökmlü xanədan sahibiydi. Sevimli xatununu əcəl aldı, yer gizlədi. Cahan şahın cahanlığı bu nisgili sinirə bilmədi. Ömrünün sonunacan yas saxladı, taxtı-tacı gözündən düşdü. Bir könül dostunun xatirəsi önündə qayb etdi uca taxtını. O unudulmaz əhdə-peymana əbədi abidə olsun deyə sevimli xatununun adına Tac-Mahalı yapdırdı; əbədi vəfanın simvolu kimi... Teymuroğulları xanədanlığının 5-ci hökmdarı yaddaşlarda belə əbədiləşdi; Tac-Mahal sevdasıyla... Bu üzdən ortaq bir keçmiş bağlılığımız var hind-türk tarixiylə, Pakistan tarixiylə, Pakistan insanlarıyla.

Mənimlə eyni yaşda olanlar TRT-nin illər öncə yayımladığı bir melodiyanı heç unutmazlar ki! O gözəlim melodiyanın sözləri boyunca şərqiçilər dönüb-dönüb də təkrar edərdilər:

 

“Cive, cive, cive, Pakistan,

Pakistan, cive, Pakistan”.

 

Sonralar öyrəndik ki, civenin anlamı “yaşa” deməkmiş. Pakistanlı şərqiçilər eynilə ustad aşıqlarımızın dil əzbəri etdikləri kimi oxuyurlarmış: “Yaşa, yaşa, Azərbaycan! Azərbaycan, Azərbaycan, Azərbaycan!”

Mahnıya, hər cür öygüyə yatımlıdı dövlətlərimizin adı.

Coğrafi baxımdan uzaqdan uzaq, göz məsafəsi ilə iraq olsaq da, ruh, adət-ənənə, din yaxınlığımız arada etibarlı bağlar, körpülər kimidi. Ruhən iç-içə, könül-könüləyik. İlk baxımdan uzaq görünürük. Mahiyyətcə isə bir-birimizin daxili dünyasında, qəlbində, ruhundayıq Pakistan insanlarıyla...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İndiki halda bu yazı mənim üçün o gözəlim fürsət kimidi. Bu fürsətin ən ali, əsas məramı dost, qardaş ölkə olan Pakistanı olduğu kimi, bütün dəyərləri, adət-ənənələri, tarixi, mədəniyyəti, təbiət özəllikləri, iqtisadi-siyasi durumu ilə bir arada Azərbaycan insanına anlatmaqdır. Az da olsa, məhz öz müşahidəm, öz münasibətim, öz baxışım, öz duyğum kimi anlatmaq. Öz bildiyim, öz qəbul etdiyim kimi anlatmaq.

 Doğma, dost və qardaş olan Pakistan! Bu yazımın başlıca məramı, var olma, yazılma səbəbi o böyük, əbədi duyğudan qaynaqlanır ki, “qoy məndən ən cüzi bir şey qalsın ki, səni heç bir zaman unuda bilməyim...”

Sənə olan hədsiz sayğımın, marağımın məhəbbət, ehtiram telləri ilə sənin varlığına, haqq-sayına, etibarına bağlanım!

O yerə, o məkana ki:

“Orada fikir qorxu bilmir və insanın başı qürurla ucalır;

O yerə ki, orada düşüncə, öyrənmək duyğusu azaddır;

O yerə ki, dünya arakəsmələrlə qəfəslərə bölünməmişdir;

O yerə ki, orada sözlər həqiqətin dərinliklərindən gəlir;

O yerə ki, orada yorulmaz, bitib-tükənməz arzular əllərini mükəmməlliyə doğru uzadır;

O yerdə ki, orada şüurun parlaq bulağı barsız, qumluq çöllüklərdə itib-batmır;

O yerə ki, ağıl və zəka yüksək arzulara və işlərə yönəlir...

Səsimi, arzularımı dost-qardaş Pakistan insanlarının, pakistanlı ruhdaşlarımızın, dindaşlarımızın səsinə, istəklərinə qoşuram: “Qoy bizim ölkələrimiz daim ulu ozanların, böyük aydınların vəsf etdiyi azadlıq, əmin-amanlıq, insanlıq, doğmalıq səmasının altında əbədi var olsun, ey bizim ulu Tanrımız, ulu haqqımız, ulu varlığımız!”

Dost-qardaş ölkə olan Pakistanın tarixi yaşantılarını, olmuşlarını göz önünə gətirirəm...

Azərbaycan tarixinin gizlinləri vərəqlənir gözlərim önündə... Baxıb görürəm ki, eyni təhdidlər, qoruq-qadağa buxovları, müstəmləkə zəncirləri uzun illər boyunca xalqlarımızın azadlıq duyğusunu əhatələyib. Mənəvi yaşantılarımızın, oxşar taleyimizin bu səmti, bu yönü də var.

Ölkələrimizin dəniz sahiliylə çevrələnməsi, oxşarlığı da göz önündədi: Bizdə göy Xəzərdi, orda Ərəb dənizi. Pakistanın sınırları boyunca 100 kilometrlərlə uzanıb gedir Ərəb dənizinin sahilləri. İllah da Pakistanın ən böyük şəhərlərindən olan Kəraçi səmtdən göz yetirəsən... Diqqətini çəkən nə varsa tam bir Xəzər seyri ovqatı yaşadır sənə. Tarix qoxuyan minarələr bizim İçəri şəhərin tarixi küçələrini, qala divarlarını birər-birər yada salan, xatırladan görüntülər... Qüllə saatları, azan səsləri əbədiyyət vaxtının hesabını çəkməkdədi.

Göz yetirib baxdıqca qəlbimdən, düşüncələrimdən elə hey keçməkdəydi ki, dost, qardaş ölkələr təkcə mənəvi, ruhi, inam-inanc, siyasi, mədəni dəyərləri ilə bərabər, həm də coğrafiyası, təbiət özəllikləri ilə oxşar, bir-birinin bənzəri olurlar.

Dənizdən çayına, dərəsindən dağına, meşəsinə, insanların doğma, tanış təbəssümünə qədər doğmadı, oxşardı Pakistan bizə. Xalçalarının ilməsinə, əl işlərinin yeləninə, naxışına qədər. Nə varsa oxşardı, tanışdı bizə.

 

Pak ölkə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İllər öncəsi Pakistana etdiyim ilk səfərim zamanı bu bənzərsiz ölkənin adının mənası ilə maraqlanmışdım. Dostlar mənə bu adın maraqlı hekayətini söyləmişdilər. Əslində, adın “paklıq”, “təmizlik” anlamından qaynaqlandığını bilməmiş də deyildim. Ancaq yenə də “hər kəlmə altında min tarix yatmasının” fərqində idim, bilirdim ki, hər deyiləm kəlmə, söz, yazı əsrdən-əsrə bir yadigardır. Dostların anlatdıqları bir daha qənaətlərimin doğru-dürüst olduğuna əmin etdi məni. Olanı budur ki, Pakistan sözü Urdu dilində “Pak ölkə” mənasında işlədilir. Bu, elə bizim dildə də eyni anlamı verir. Heç bir tərcüməyə-filana, anlatmaya ehtiyac yoxdur. Bu gözəlim söz, yəni Pakistan adı ilk dəfə 1933-cü ildə behiştlik Rahmat Alinin dilindən səslənmişdir. Pakistan sözünün yaranma hekayəti isə belədir ki, zamanın ötən çağlarında İngiltərənin müstəmləkəsi altında qalan əski Hindistanın 5 qədim əyalətinin baş hərfləri bir arada “Pakistan” sözünü var etmişdi. Belə ki:

P – Pəncab;

A – Afqanya;

K – Kəşmir;

S – Sind;

Tan – Bəlucistan = Pakstan = Pakistan.

Hal-əlbət, məsələnin bu tərəfi, gerçək üzü belədi. İndiki halda Pakistanda Pəncab, Sind, Quzeybatı sınır əyaləti və Bəlucistan olmaq üzrə 4 əyalət var. Paytaxtı İslamabaddır.

Pakistan və ya rəsmi adı ilə desək Pakistan İslam Cümhuriyyəti bir az öncə də qeyd etdiyimiz kimi, Güney Asiyada yerləşir. Cənubdan Ərəb dənizi 1046 km məsafə boyunca torpaqlarını qucmadadı. Qərbində Əfqanıstan, cənub-qərbində İran, şimal-şərqində Çin, şərqində Hindistan vardır. Şimalda Tacikistanın dar Vaxan dəhlizi ilə ayrılır. Oman ilə dəniz sərhədinə malikdir.

Ölkəsinin ərazisi 796.095 kvadrat kilometrdir və qeyd etdiyimiz kimi, böyüklüyünə görə dünyanın 36-cı böyük ölkəsidir.

 

Tələsmə, ey qələm...

 

Burda hər tarixin öz qızıl vaxtı, burda hər ömrün bir heykəli var. Hətta adlarını dərin sayğı ilə çəkib, ehtiramla oxuculara təqdim etdiyim bölgələrin tarixi qaynaqları ilə yanbayan, ac, əyri-üyrü rişələrini sökük divarların yarıqlarına pərçimləmiş və bu yerlərdə əziz tutulan aşat – müqəddəs əncir ağacının da belə öz bildikləri var.

Tələsmə, ey qələm, bütün olmuşların tarixləşməsi, sevərəkdən yad edilməsi üçün sənə ehtiyacı olan zamanın sükutunu da dinləyib keç. Gözəlim Pakistanın şəhər-şəhər, köy-köy daşdan, ağacdan, hər cür texniki imkanlardan yapılmış gözəlliklərinin önündə ehtiramla “ayaq saxlamağa” bir məqam eylə. Qoy tarix yazanların, ölkələr dolaşıb səyyah adıyla ruhunu kağıza köçürənlərin, qardaş Pakistanı dost gözləriylə seyrə dalanların ayaq izləri sənin yazdığınla sözümdə-söhbətimdə qalsın.

Tələsmə, ey qələm! “Hər yazdığın sətir ibadət edir!”

 

2011-ci ilin sentyabr günlərində

 

Pakistana ilk səfərim çox ağır bir dövrə düşmüşdü... Ölkənin həyatı çıxılmaz xaos burulğanını xatırlatmaqda idi. 2011-ci ilin sentyabr hadisələrindən sonra Koalissiya Qüvvələrinin Əfqanıstanda anti-terror əməliyyatı adı verdikləri müharibə başlamışdı. Mən də bir jurnalist olaraq Əfqanıstandan və bütün müharibə dövründə ən çox diqqət çəkən milyonlarla əfqan qaçqının üz tutduğu Pakistandan reportajlar hazırlamaq üçün bu ölkəyə səfər etmişdim. Çoxlu sayda risk, qorxu, addımbaşı təhlükə, hətta girov götürülmək təhlükəsi belə yaşasaq da operatorumuz Kənan Məmmədovla bərabər həyatımızın ən maraqlı dönəmlərini yaşadıq bu səfər boyunca. Baxmayaraq ki, ailə üzvlərim və dostlarım mənim bu səfərimi yanlış qərar hesab edir, həyatımı belə itirə biləcəyimin gerçəkliyini soyuq bir məntiqlə mənə xatırladanlar da olmamış deyildi. Mən o səfərə deyilənləri yox, qəlbimin səsini dinləyərək getmişdim. Bu günün özündə də tam əminəm ki, mən mütləq getməliydim. Bu, mənim doğru qərarım idi. Tək ona görə yox ki, çox sayda önəmli və maraqlı reportajlar, proqramlar hazırlayıb, insanların yalnız xarici televiziya ekranlarından izlədiyi liderlərdən çətin şəraitdə olsa da müsahibə ala bilmişdik, həm də ona görə ki, həyatın çox fərqli üzlərini görə bilmək imkanı əldə etmişdik və bu səfər həyatımızda böyük iz buraxmışdı.

Orası da var ki, həmin səfərimə qədər mən Pakistan və Əfqanıstan tarixi ilə bağlı kifayət qədər məxəzlər, tarixi mənbələr oxumuşdum. Yetərincə məlumatlı idim.

Xalid Hüseyninin məşhur “Çərpələng uçuran” əsərindən insanların  oxuduqlarının bir çoxunu mən öz gözlərimlə görüb, yaşadım Əfqanıstan, Pakistan səfərlərimdə.

Eyni zamanda bütün bu tanışlıqlardan, tutarlı məlumatlardan başqa, mənim yaddaşımda telekanallarda, film kadrlarında yaşamını izlədiyim çox doğma, əziz bir Pakistan obrazı vardı. O obrazda Pakistan mənə dili dualı, necə deyərlər, başdan-başa dümağ geyimli-kecimli insan dənizi, insan qələbəliyi kimi doğma və tanış idi. Bu dili dualı, başdan-ayağa dümağ milli geyimdə olan insan seli sanki eyni anda bir olan uca Allahın dərgahına əl götürürdülər, eyni anda Allahın hüzurunda səcdəyə əyilirdilər. Mənim üçün Pakistanın unudulmaz obrazı bu görüntülərlə, müşahidələrlə sərgilənmişdi.

 

Sufilər yurdu...

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eyni zamanda sufi əxlaqı, həyat tərzi ilə çəkirdi Pakistan məni. Azərbaycanlı sufilərin qurduğu Şührəverdiyyə təriqətin qurucusu Əbu Hafs Ömər Şühabəddin Sührəverdi idi ki, böyük bir sufi mütəfəkkiri və fiqh alimi olmaqla yanaşı, tanınmış siyasətçi və diplomat idi. O, 1145-ci ildə Zəncana bağlı Sührəverddə dünyaya göz açmışdı. Sührəverdiyyə təriqəti ilk dövrlərdən etibarən İslam dünyasında ən geniş yayılan təriqətlərdəndir. Əvvəlcə Bağdad və Şam ətrafında daha sonra da İran, Anadolu və Türküstan tərəflərində geniş vüsət tapmışdır.

Sührəverdiyyənin ən geniş şəkildə yayıldığı yerlərdən biri şübhəsiz ki, Hindistandır və Pakistandır. Şühabəddin Sührəverdinin xəlifəsi Bahaəddin Zəkəriyyə Multani tərəfindən bugünkü Pakistan torpaqlarının da daxil olduğu o zamankı Hindistana aparılan bu təriqət Multaninin və müridlərinin cəhdləri nəticəsində bu bölgələrin ən böyük təsəvvüf məktəbi olmuşdur.

Bu baxımdan, Azərbaycanda geniş intişar tapmış sufizm mistik islam ənənəsi olub uzun tarixə malikdir və Pakistanda geniş yayılıb. Pakistanda sufi mərkəzləri mövcuddur. İlk sufi musiqisi və rəqsi üzrə burada maraqlı, ənənəvi festivallar keçirilir.

Lal Şahbaz Qələndər kimi tanınan Seyid Həsən şah (1177-1274) sufi filosofu və şairi olub, sufilərin sühraverdi qanadına aid idi. Bu cərəyanın tərəfdarları arasında Şah Əbdül Lətif Bhitan, Mahkdoom Bilavan və Sacah Sarmastın adları Pakistan tarixindən sıx-sıx keçir. Eləcə də Cənubi Asiyada İslam dininin geniş yayılmasına rəvac vermiş olan 11-ci əsr sufi alimi Əbül Həsən Əli ibn Usman əl Qəznəvinin. Bu sufi düşüncələri Azərbaycan – Pakistan arası mənəvi anlaşmaların yoluna həmişə gur işıq salıb.

 

Zövq qoxusu

 

Dağda bir zahid yaşayırdı. Yemək-içməkdən büsbütün vaz keçmişdi. Şəhər əhli hər il onu ziyarət edərdi. Belə günlərin birində qərib yolçu olan bir dərviş qələbəliyin səbəbini soruşur. Zahid cavabında deyir: “Sən dərvişsənmi, ya Məcnunsanmı?”. Dərviş bu sözü eşidər-eşitməz ehtiramla üzr diləyir: “Sənin bu sözlərindən mənə zövq qoxusu gəldi...”.

Pakistan tarixi, Pakistan təbiəti, Pakistan mədəniyyəti ilə olan tanışlıq mənə unudulmaz bir zövq qoxusu gətirdi. Bu gözəl diyara etdiyim səfərlər zamanı Həzrəti Şəms Təbrizin dilindən səslənən o unudulmaz əfsanəni heç unutduğum olmadı.

Qutsal bir zövq qoxusu ürpətməkdədi. Pakistan tarixi, mədəniyyəti, Pakistan təbiəti...

 (Davamı var)

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR