İcra Hakimiyyəti Gəncədə küçəyə atılan azyaşlılarla bağlı məlumat yaydı - YENİLƏNİB

"Nənələri tərəfindən tərk edilmiş körpələr Gəncə Şəhər İcra Hakimiyyətinin nəzarətinə götürülüblər".

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilib:

"21 Oktyabr 2023-cü il tarixində səhər saatlarında Gəncə şəhərində yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İcra Hakimiyyəti əməkdaşlarına verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.

Uşaqların anası Cəlilova İlahə Natiq qızının narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı onlayn məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.

Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi istiqamətində iş gedir.

Hər iki uşaq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırğına uyğun olaraq nəzarətdə saxlanılır. Uşaqlar xəstəxanaya yerləşdirildikdən sonra bir neçə dəfə onlara baş çəkilib, xəstəxananın rəhbərliyi və həkimlərin iştirakı ilə sağlamlıq vəziyyətləri yoxlanılıb. Hər iki uşağın sağlamlıq vəziyyəti normaldır. Onlar Sosial Xidmətlər Agentliyinin müvafiq qərarına əsasən 26 oktyabr 2023-cü ilə təcili tibbi yardım maşını ilə xüsusi olaraq ayrılmış tibb işçisinin iştirakı ilə Bakı şəhərində yerləşən körpələr evinə göndəriləcəklər".

***

***

10:39

21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq - 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib.

Metbuat.az xəbər verir ki, TƏBİB-dən onlara zəruri tibbi xidmətlər göstərildiyi bildirilib:

"Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir".

***

09:32

Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.

Metbuat.az xəbər verir ki, uşaqların qəyyumu olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.

Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR