Bu halda mənzillərə istilik verilməyəcək - XƏBƏRDARLIQ

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Artıq qış mövsümünə hazırlıqla bağlı “Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına da başlayıb.

Müqavilələrin bağlanmayacağı təqdirdə mənzillərə istilik verilməsi ilə bağlı yarana biləcək problemlərə aydınlıq gətirən “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı Metbuat.az-a bildirdi ki, müqavilənin bağlanmasında məqsəd elə əhali istehlakçı qrupunun maraqlarına uyğun hesablanıb:

“Bildirim ki, 180 mindən artıq mənzil mərkəzləşdirilmiş qaydada isidilir. Hesab edirik ki, mənzilinin qızdırılması üçün istilik alan və istisu təchizatı olanlar bu müqaviləni imzalayacaqlar, amma imzalamayacağı təqdirdə fərdi qaydada həmin mənzilin istiliyi və yaxud isti su təchizatı dayandırılacaq. Bu mümkün olmadıqda isə, həmin mənzildə yaşayan sakinə görə, digər mənzillərin istiliyi və istisu təchizatı dayandırılmayacaq. Fərdi qaydada mümkün olmadıqda isə, ən son mərhələdə həmin mənzil sahibi məhkəməyə verilə bilər. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq”.

Payız qış mövsümünə hazırlıq prosesi ilə bağlı danışan Elvin Basqallı qeyd etdi ki, noyabrın 1-dən Azərbaycanın 14 dağlıq rayon və şəhərində istiliklə təmin olunmaya start veriləcək. Noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik təminətı həyata keçiriləcək:

“Payız-qış mövsümünə hazırlıq çərçivəsində 1150 ədəd qazan odluğu, 486 dəst istilik mübadilə aparatları, 3230 ədəd nasos, 16860 ədəd müxtəlif diametrli siyirtmələr, 3340 ədəd mühərrik, 561 ədəd elektrik avadanlığı, 561 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1349 ədəd genişləndirici çən, 2093 ədəd qoruyucu klapan və 2703 ədəd əks klapan, 12427 ədəd ventil, 632 ədəd ehtiyyat su çəni, 554 ədəd qaz təsərrüfatına aid avadanlıq və digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib. Ümumilikdə ölkə üzrə 3871 yaşayış binası, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2224 sosial və təsərrüfat obyekti “Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunur. 2023-2024-cü illər payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR