D vitamini çatışmazlığının qarşısını belə alın

D vitamini orqanizmin sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Bu vitamin orqanizmi əzələ zəifliyindən qoruyur, ürək döyüntüsünün tənzimləyir, immun sistemini gücləndirir və xüsusilə qadınlarda triod funksiyalarını normallaşdırır, orqanizmin gümrah, enerjili olmasına xidmət edir.

Metbuat.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O qeyd edib ki, D vitamini çatışmayan insanlarda saç tökülməsi, sümük-əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dəri quruluğu, yorğunluq, halsızlıq, depressiv hallar, immun sisteminin, metabolizmin zəifləməsi, arıqlamaq istədikdə çəki verə bilməmək kimi hallar müşahidə olunur.

Kifayət qədər günəş şüası qəbul etməyənlər, yaşlılar, tünd və bozumtul rəngli dəri tipinə sahib, artıq çəkili, sümük əriməsi, travma olmadan sınıqları olan insanlar, həmçinin xronik böyrək çatışmazlığı və qaraciyər xəstəliyi, şəkərli diabet xəstələri, insulin dirənci, qalxanabənzər vəzin autoimmun xəstəlikləri olanlar, özünü tez-tez səbəbsiz yerə yorğun, əzgin hiss edənlər, depressiyaya meylli insanlar qanda vitamin D-ni mütəmadi şəkildə yoxlayaraq tənzimləməlidirlər. Çünki onlar yüksək risk qrupu sayılan insalardır.

Mütəxəssisin sözlərinə görə, D vitamini çatışmazlığının qarşısını almaq üçün mütəmadi olaraq onunla zəngin qidalar yemək, lazımi miqdarlarda günəş qəbul etmək vacibdir.

Kəskin çatışmazlıq halında həmin vitaminin əlavələrindən istifadə etmək lazımdır. Təbii qidalar arasında yağlı balıqlar, qızıl və ya somon balığı, konservləşdirilmiş balıq, yumurta sarısı, ciyər, süd məhsulları, pendir, xama, qaymaq, yoğurt, kefir, göbələk, kartof, çərəzlər D vitamini ilə zəngindir.

Bu vitamin orqanizm günəş işığına məruz qalanda təbii şəkildə istehsal olunur. Lakin bu zaman heç bir qoruyucu kremlərdən istifadə etmək olmaz. Eyni zamanda, dirsək və dizlər mümkün qədər açıq olmalıdır.

“D vitamini çatışmazlığının müalicəsində adətən “Devit-3”dən istifadə olunur. Bundan başqa, o, osteoporoz, sümük ağrısı, raxitizm və osteomalasiya kimi halların müalicəsində və qarşısını almaqda da köməkçi ola bilər. “Devit-3” əlavələri adətən həb, maye və kapsul formasında olur, adətən yeməklə birlikdə günün birinci yarısında qəbul edilir. Mütləq həkim və ya sağlamlıq mütəxəssisinin məsləhəti ilə qəbul edilməlidir”, - deyə M.Hüseynova bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR