Millət vəkili Dağıstandakı xaosdan danışdı: "Azərbaycana keçməsi inandırıcı görünmür"

Xəbər verdiyimiz kimi, oktyabrın 29-da Dağıstanın paytaxtı Mahaçqalada hava limanı blokadaya alınıb. Hadisəyə səbəb yerli sakinlərin yəhudilərin ərazidən çıxarılmasını tələb etmələri olub.

Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsi yaranmış gərginliklə bağlı yaydığı məlumatda bildirib ki, Mahaçqala hava limanındakı iğtişaşların bütün iştirakçıları milli ədavət, qarşıdurma yaratmaq maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar.

Dağıstanı bürüyən antisemitizm dalğasının Azərbaycana keçmə ehtimalı ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirdi ki, insanların əqidəsinə, məsləkinə, dininə, qulluq etdiyi təriqətə və millətinə görə onların təqib edilməsi yolverilməzdir və heç bir çərçivəyə sığmır:

“Baş verənlər qanun pozuntusu sayılır. Yəqin ki, artıq hüquq mühafizə orqanları bu istiqamətdə öz işlərini görməkdədir. İstintaq aparılır və artıq həbs olunanlar var. Rusiyada yaşayan müsəlman inanclı federasiya subyektlərinin ayağa qaldırılmasında məqsəd, onları buna təhrik edən səbəblər və hamısı araşdırmalardan sonra məlum olacaq və hüquq mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət veriləcəkdir. Digər tərəfdən hadisələrin Azərbaycanla sərhədə yaxın bir məsafədə baş verməsi təbii ki, narahatlıq yaradan məsələ sayılır. Belə qanun pozuntularının ölkəmizdə baş verməsi inandırıcı görünmür. Çünki Azərbaycan dünyada multikultural dəyərləri, tolerantlığı ilə digər dövlətlərə nümunə sayılacaq ölkələrdəndir. Bizim respublikada belə ciddi münaqişələr olmayıb, olmayacaq da”.

Bu gün Azərbaycanda çoxsaylı əqidəli millətlərin yaşadığını vurğulayan millət vəkili qeyd etdi ki, azərbaycanlılarla digər millətlərin nümayəndələri arasında daima qarşılıqlı dost münasibətlər olub.

Ölkə başçısı İlham Əliyevin apardığı siyasətin əsas qollarından biri məhz tolerantlıq və multikultural dəyərlərə hörmətdən ibarətdir. Ona görə də, Azərbaycanda bu məsələnin baş verməsi inandırıcı deyil. Lakin hüquq mühafizə orqanları təbii ki, əməliyyat şəraitinə nəzarət edir və onlar hər hansı bir hərəkətin qarşısını almağa qadirdirlər. Hər bir Azərbaycan vətəndaşı əqidəsinə, məsləkinə uyğun olaraq dostluğun qardaşlığın, multikultural dəyərlərin nədən ibarət olduğunu dərk edir. Ona görə də belə hadisələrin təkrarlanmaması üçün biz birlikdə öz işlərimizi görürük və görəcəyik”,- deyə Arzu Nağıyev bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR