​“MədəniyyətimİZ” layihəsinin növbəti qonağı xalq yazıçısı Anar olub - FOTO

Oktyabrın 30-da Bakı Kitab Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi, “MədəniyyətimİZ” layihəsinin koordinatoru Riad Cəbrayılov 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlərin keçirildiyini bildirib. Qeyd olunub ki, Azərbaycan ziyalıları ilə gənclərin “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən görüşləri olduqca unikal və mədəni proseslərdə müxtəlif vəzifələrin icrasına şərait yaradacaq amilə çevrilib. Ədəbiyyat və nəşriyyat sənayelərinin inkişafının məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından söhbət açan Riad Cəbrayılov son zamanlar bu sahədə görülən məqsədyönlü tədbirlərdən, həyata keçirilən forumlardan bəhs edib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar geniş təqdimatla çıxış edib. Xalq yazıçısı Ulu Öndər Heydər Əliyevlə bağlı olan ən zəngin xatirələrindən, Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, yaradıcı sənayenin müasir tendensiyalardan söhbət açıb.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı-publisist Nadir Yalçının moderatorluğu ilə panel müzakirə ilə davam edib. Müzakirələrdə “Azərbaycan ədəbiyyatının inkişafında Heydər Əliyev amili”, “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu” və “Ədəbi mühitdə innovativ yanaşmalar: yaradıcı sənayenin inkişafı kontekstində müasir yazarlıq ənənələrinə baxış” mövzularına toxunulub. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün bədii hissəsində respublika və beynəlxalq müsabiqələr laureatları – pianoçu Vüsal Aydəmirov, vokalçı Aqşin Xudaverdiyevin ifalarında müxtəlif musiqi nümunələri təqdim olunub.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR