Milli Məclis bir sıra avropalı parlamentarinin Ermənistana səfərini pislədi

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq, özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması ilə bağlı təxribat xarakterli, qeyri-etik və faktiki olaraq qanunsuz, davamlı olaraq təkrarlanan hərəkətlərinə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir. Bu hərəkətlər 30 il ərzində cinayətləri xarici havadarları tərəfindən ört-basdır edilən separatçılara açıq dəstək verməklə yanaşı, qondarma “demokratiya” carçılarının həqiqi niyyətlərinin bariz nümunəsidir.

Bu barədə Metbuat.az-a parlamentdən məlumat verilib.

Təəssüflər olsun ki, öz ənənəvi siyasətlərini davam etdirən Avropa Parlamentinin nümayəndələri hələ 1988-ci ildə Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu zaman “Sovet Ermənistanında vəziyyət” adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etmiş və bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına göz yummuşdur.

Ümumbəşəri insan haqlarını, qanunun aliliyini və demokratiya dəyərlərini pərdələməyə çalışan fransız deputatlar başda olmaqla, Avropa Parlamentinin nümayəndələri Cənubi Qafqaz bölgəsinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, həmçinin regiona xaos və qeyri-sabitlik gətirməyə çalışırlar.

Özünü ləğv etmiş rejimin keçmiş “lideri” ilə görüşən Avropa Parlamentinin bir sıra üzvləri daha əvvəl qeyd edilən məqsədi güdərək, “xristian dəyərlərini” qorumaq pərdəsi arxasında nə dərəcədə riyakar olduqlarını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdirlər.

Baş verən hadisələr bir daha onu göstərir ki, bu qurumun parlamentarilərinin islamofobiya, Azərbaycana, Türkiyəyə, ümumiyyətlə dünyadakı insanlığa qarşı nifrət və xristianlığın üstünlüyünü aşkar şəkildə nümayiş etdirməsi Avropa Parlamentinin hansı səviyyədə olduğunun birbaşa göstəricisidir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi təəssüf hissi ilə bildirir ki, avropalı parlamentarilərin artıq tendensiyaya çevrilən bu cür davranışları nəinki qəbuledilməzdir, həm də Azərbaycanla Ermənistan arasında gedən sülh prosesini ilk mərhələdəcə məhv etməyə yönəlmişdir. Həmin dağıdıcı qüvvələr öz mənfəətlərini güdərək, regionumuzu yenidən müharibə və xaos vəziyyətinə sürükləmək istəyirlər.

Biz Avropa Parlamentinin rəhbərliyindən təkcə regionda bu təxribatçı fəaliyyətə müvafiq qiymət verməyə deyil, həm də humanitar məsələlərdən siyasi və təxribatçı məqsədlər üçün istifadənin dayandırılmasını, həmçinin Cənubi Qafqaz bölgəsinin daxili işlərinə qarışmamağı və bununla da sülh prosesinə zərər verməməyi tələb edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR