Qubada “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyətinin 10 illiyi ilə əlaqədar konfrans keçirilib - FOTOLAR

Quba şəhər Heydər Əliyev Mərkəzində 2023-cü il “Heydər Əliyev ili” və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyətinin 10 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Quba Rayon İcra Hakimiyyəti və Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Metbuat.az xəbər verir ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vahid Əhmədov, Anatoliy Rafailov, Anar İsgəndərov, akademik Yaqub Mahmudov, Quba Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tariyel İbrahimov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Səbuhi Bəşirov, Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev, tarix elmləri doktoru, professor Şikar Qasımov və digər rəsmi şəxslər iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 1918-ci il qurbanlarının xatirəsinə ucaldılmış xatirə abidəsini ziyarət edərək üzərinə gül dəstələri düzərək dahi öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Kompleksin ərzisində 100 ədəd müxtəlif növ meyvə ağacları əkiblər.

Daha sonra konfrans iştirakçıları Heydər Əliyev parkında dahi öndərin abidəsi önünə gül dəstələri düzərək Quba rayon Heydər Əliyev mərkəzində təşkil olunmuş sərgi ilə tanış olublar.

Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən konfransda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, daha sonra dahi öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilmişdir. Giriş sözü ilə çıxış edən Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova iştirakçıları salamlayaraq Kompleksin 10 illik fəaliyyəti barədə hesabat çıxışı etmiş, bu günə kimi əldə olunan uğurlar barədə danışmışdır. O həmçinin vurğulamışdır ki, təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “Böyük Ermənistan” yaratmaq məqsədilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir. O eləcə də bu hadisələrə ilk dəfə olaraq ümummilli lider, müdrik siyasətçi Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra çıxış edən digər natiqlər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıblar. Bildirilib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi-hüquqi qiymət olan bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilib.

Qeyd edək ki, Konfransda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, qoruq direktorları, rayon ziyalıları, mədəniyyət işçiləri və tarixçilər iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR