Nazirliklər, universitetlər Xankəndiyə köçürülür? - Mühüm açıqlama

Azərbaycan dövlətinin diqqəti hazırda demək olar ki, bütünlüklə işğaldan azad olunmuş ərazilərə - Qarabağa yönəlib. Bu ərazilərdə başladılan genişmiqyaslı bərpa-quruculuq işlərinə dövlətin çoxsaylı qurumları cəlb olunub.

Son vaxtlar sosial şəbəkələrdə paytaxtda yerləşən bir sıra dövlət qurumlarının, nazirliklərin, universitetlərin Xankəndiyə, Şuşaya və Qarabağın digər ərazilərinə köçürülməsi məsələsi müzakirə edilir bu mövzu ətrafında müxtəlif fikirlər irəli sürülür.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan sabiq millət vəkili, əslən Xankəndidən olan Flora Qasımova bu təklifin tərəfdarı olduğunu, bunun müsbət təsirləri olacağını bildirib:

“Əlbəttə ki, dövlət qurumları zamanla Qarabağa köçürülə bilər. Bunun üçün hər cür şərait var. Bu həm də Qarabağın dirçəldilməsində, orada azərbaycanlıların artırılmasında mühüm rol oynayacaq. Biz hələ bilmirik ki, ermənilər bir müddət sonra gəlib Azərbaycan vətəndaşlığını qəbul edəcəkmi, separatizm bir də baş qaldıracaqmı? Bütün bunları nəzərə alanda paytaxtdakı bəzi nazirliklərin, universitetlərin Qarabağa köçürülməsi faydalı addım olacaq. Bu zaman Bakının yükü də bir az yüngülləşəcək. Artıq Bakıda gəzmək, maşın sürmək mümkün deyil, harasa getmək istəyirsən, amma tıxacların əlindən bezirsən. Mən bunu təqdirəlayiq təklif hesab edirəm. Yəqin ki, elə bu cür də olacaq. Onsuz da neçə illər bundan əvvəl cənab Prezident çıxışlarında deyirdi ki, Qarabağda universitet açacağıq. əvvəllər Qarabağda Pedaqoji Universitetin filialı olub. Sonradan həmin təhsil müəssisəsi “Arstax Universiteti” adlandırılıb. Halbuki orada azərbaycanlılar da oxuyurdular. O vaxt təkcə universitetin açılması belə Xankəndidə azərbaycanlıların sayının xeyli artmasına səbəb olmuşdu”.

F.Qasımovanın sözlərinə görə, vaxtilə Xankəndidə bir sıra dövlət qurumları olsa da, rəhbər vəzifələri azərbaycanlılar tutmurdu:

“O vaxt Xankəndidə keçmiş muxtar vilayətin pasport idarəsi, Qarabağ Muxtar Vilayət Soveti, Şəhər Partiya Komitəsi və digər dövlət qurumları fəaliyyət göstərirdi. Dövlət qurumları olsa da, orada çalışan azərbaycanlıların sayı çox az idi. Mən Xankəndidə Şəhər Partiya komitəsində çalışan yeganə azərbaycanlı idim, qalanları erməni idi. Vilayət Partiya Komitəsində məndən başqa yeganə azərbaycanlı Akif müəllim idi. Azərbaycanlılar Xankəndidə əhalinin üçdə birini təşkil etsələr də, rəhbər vəzifələrdə sayımız az idi. Orada nə qədər fabriklər, zavodlar vardı. Amma heç birinin rəhbəri azərbaycanlı deyildi. Ermənilər də qudurdular. İnşallah, bundan sonra hər şey yaxşı olacaq. Onlar hansı üzlə qayıdıb Azərbaycana gələcəklər başa düşmürəm. Hələ də onların yaratdığı mina təhlükəsi var, mina terroru davam edir. Elə bu gün 24 yaşlı cavan bir oğlan Tərtərdə minaya düşüb. Görəsən, onlar Azərbaycana qayıdıb qolunu, ayağını itirən insanları görəndə nə hisslər keçirəcəklər. Biz buna necə dözəcəyik? Onların bizə vurduğu yaralar çox dərindir, bundan sonra bizimlə bir yerdə yaşamaqları çətin olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR