Sahibə Qafarova Xorvatiyanın Baş naziri ilə görüşüb

Noyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Metbuat.az xəbər verir ki, görüşdə Milli Məclisin sədri ölkələrimizi birləşdirən dostluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıqdan danışıb, son illər ərzində ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib, ikitərəfli münasibətlərin dərinləşməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı müxtəlif sahələrdə əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlığın əhəmiyyətinə toxunan parlamentin sədri Azərbaycan ilə Xorvatiya arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlığın davam etdirilməsinin, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi fəaliyyətlərin dəstəklənməsinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini bildirib.

Parlamentlərarası əməkdaşlıqdan danışan S.Qafarova bu münasibətləri Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən mühüm amil kimi qiymətləndirib.

Görüşdə ikitərəfli münasibətlərin inkişafında hər iki ölkə parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının rolu vurğulanıb, müntəzəm təmasların, dialoq və fikir mübadiləsinin mövcud əlaqələrin dərinləşdirilməsində xüsusi rolu qeyd olunub.

Söhbət zamanı Vətən müharibəsi başa çatdıqdan sonrakı dövrdə regionda mövcud olan vəziyyət, cari ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işləri barədə danışılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan sülh istəyir və sülh bütün regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.

Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bildirən Baş nazir Andrey Plenkoviç ölkəmizə səfərinin məqsədləri və keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq Xorvatiya ilə Azərbaycan arasında qarşılıqlı səfərlərin önəmini diqqətə çatdıraraq, bu səfəri çərçivəsində bir çox məsələlər haqqında müzakirələr apardığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR