​​“Zəfər nəticəsində Azərbaycan Cənubi Qafqazda bir gücə çevrildi” - Türkiyəli general

“Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib. General bildirdi ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfər Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı.

“Bu zəfər dünyaya rəşadətli, müzəffər, sülh üçün tər tökən Azərbaycan ordusunun gücünü dünyaya nümayiş etdirdi. Bu ordu Vətən, millət, torpaq üçün canını, qanını verdi. Bu gün Azərbaycan ordusu istər təlim, istərsə də silahlanma baxımından dünyanın ən güclü 50 ordusu siyahısındadır. Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordularından birinə çevrilib.

2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artması da buna əyani sübutdur. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla 28 illik işğala son verən bu ordu 10 milyon Azərbaycan xalqının birlik və bərabərlik içində olması üçün 44 günlük böyük savaşdan alnı açıq çıxdı. Bunu bizə hədiyyə edən başda şəhidlərimiz, qazilərimizə, rəşadətli Azərbaycan ordusuna, xalqına və bütün bunları birləşdirən Ali Baş Komandan Prezident İlham Əliyevə təşəkkür edirik.”.

Zəfər nəticəsində Azərbaycanın Cənubi Qafqazda bir gücə çevrildiyini xüsusilə qeyd edən Yücel Karauz vurğuladı ki, Türkiyə əldə edilə nailiyyətlərə, Qarabağda aparılan bərpa-quruculuq işlərinə, eyni zamanda Azərbaycanın sülh üçün apardığı mübarizənin, xarici siyasətdə yürütdüyü uğurlarına şahiddir:

“Azərbaycanın dinamik dövlət quruluşu müasir dövrün tələblərinə uyğun bütün geosiyasi dəyişikliklərə uyğun davranmağa müvəffəq olmuşdur. 3 il bundan əvvəl keçirilən Zəfər Günü paradında cənab İlham Əliyev ordunun daha da güclənməsi, müasir hərbi tələblərə cavab verməsi üçün türk ordu modelinə keçmək barədə açıqlamalar verdi. Bu illər ərzində iki dövlətin ordusu müxtəlif vaxtlarda birlikdə hərbi təlimlər keçirərək təcrübələrini bölüşüb daha da inkişaf etdilər. Bunun əyani sübutunu biz son keçirilən antiterror əməliyyatında gördük. Dünyanın iqtisadi böhran yaşadığı bir zamanda həm hərbi, həm iqtisadi, həm siyasi sferada uğurlara nail olmaq asan iş deyil. Qələbə meydanında qazandığı zəfəri Azərbaycan diplomatik cəbhədədə taclandıraraq nəhayət ərazi bütövlüyünü bərpa etdi. Bütün bunlar prezident İlham Əliyevin xarici və daxili siyasətinin, uzaqgörənliyinin nəticəsində baş verdi. Yaşasın rəşadətli Azərbaycan ordusu! Yaşasın Azərbaycan!”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR