20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə də yad edildi (FOTO)

20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə də yad edildi (FOTO)
16:58 19 Yanvar 2015
65 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

“Belçika – Azərbaycan Dostluq Cəmiyyəti”nin təşkilatçılığı ilə Brüssel Azad Universitetində 20 Yanvar şəhidlərinin xatirəsini anmaq üçün mərasim təşkil edilmişdir.

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, mərasim 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilmişdir. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilmiş və qanlı hadisələrin görüntülərini əks etdirən videomaterial nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən səfir Fuad İsgəndərov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat vermişdir. Səfir o qanlı hadisəyə xaricdən ilk etiraz səslərinin məhz bir sıra Avropa paytaxtlarında, o cümlədən Brüssel və Haaqada yaşayan türk və azərbaycanlı icması tərəfindən ucaldığına diqqət çəkmişdir. Səfir elə o illərdən Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmləndiyini vurğulamışdır. Səfir qanlı hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, öz etirazını bildirməsini xatırlatmış və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini qeyd etmişdir.

Tədbirdə çıxış edən digər məruzəçilər, Azərbaycanın NATO yanında missiyasının rəhbəri Xəzər İbrahim, Türkiyənin Belçikadakı səfiri Hakan Olcay, İslam Əməkdaşlığı Təşkilatının Avropa İttifaqı yanında Daimi Müşahidəçi Missiyasının rəhbəri Arif Məmmədov, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi, azərbaycanlı və türk gənclərin nümayəndələri 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdikləri fikrini vurğulayaraq, bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulamışlar.

Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, azərbaycanlı tələbələr, səfirlik və NATO yanında nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR