Deputat təhsil sistemini tənqid etdi - “Aqronomu müdir qoyublar”

“Azərbaycanda təhsil menecerləri forumu keçiriləcək. Əvvəllər məktəb liderliyindən danışırdılar, indi “menecer” sözü dəbə düşüb. Sovetlər vaxtı məktəb liderləri yetişdi. Ancaq lider anlayışı işlədilmədiyindən onlara qabaqcıl direktorlar deyirdilər. Onlar məzmunu, dərsliyi, məktəb mühitini, pedaqogikanı çox gözəl bilirdilər, təcrübəni bölüşürdülər. Məsələn, Yevlax rayon Xaldan kənd məktəbinin direktoru SSRİ-nin Əməkdar müəllimi, SSRİ Xalq müəllimi Zahid Şöyübovu misal gətirmək olar”.

Metbuat.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib. O, bildirib ki, məktəb liderliyi ilə bağlı 100-lərlə layihələrə pullar xərclənsə də, məktəb liderləri yetişməyib:

“Təhsil sisteminin ifrat dərəcədə avtoritar formada idarə olunması buna imkan verə bilməzdi.

Təhsil mütəxəssisi Ken Robinson yazır: “Böyük liderlər böyük idarəçi ola bilərlər və əksinə. Fərq onların hər hansı bir kontekstdə öhdəluklərinə götürdüyü rolla bağlıdır. Yüksək iş səmərəliliyinə təkan verən motivasiya və istəkdir. İnsanlar dəstəyə, resursa və iş görə bilmək üçün bacarıqlara ehtiyac duyurlar. İdarəetmənin funksiyası baxışın gerçəkləşdirilə bilməsi üçün resursların və sistemlərin mövcudluğunu təmin etməkdir. Lakin öz-özlüyündə resurslar kifayət etmir”.

Menecer (idarə edən) həm də rəhbər işçidir. Təşkilatda əməkdaşların işini təşkil etmək səlahiyyətlərinə malikdir və qərarlar qəbul etmək məsuliyyətini daşıyır. Məşhur Ensiklopediyalarda “menecer”in əsas funksiyaları bunlar göstərilir: planlaşdırma, təşkilati işlər, iş bölgüsü, koordinasiya, motivasiya, əməkdaşların işinə nəzarət və korreksiyanın təşkil olunması.

Məktəb direktoru heç bir səlahiyyətə malik deyilsə və məktəbin tabe olduğu qurumun təlqin etdiyi kəskin avtoritar idaretmə üsulu ilə işləyirsə burada menecer yetişə bilərmi? Özəl məktəblərin yaradılmasının yeganə missiyası isə məktəbin yaradıcılarının (menecer yox, tacir) varlanmasına xidmət edir. Təhsil menecerlərindən (ixtisası aqronomdur) birini də Gəncə-Daşkəsən Regional Təhsil idarəsinə müdir qoyublar.

Azərbaycan Ali təhsil sistemində idarəçilik kəskin avtoritar xarakter daşıyır. Elmi Şuralar rektorların diktəsi ilə idarə olunur. Kənaraçıxma mümkün deyil. Elmi Şuraların protokollarına, stenoqramlarına baxsanız dəhşətə gələrsiniz. Dekanlar və kafedra müdirləri heç bir səlahiyyətə malik deyillər. Universitetlərin əksəriyyətində Semestr imtahanlarını rektorların özləri keçirirlər. Elm və təhsil naziri Ali məktəblərdə semestr imtahanlarının başlanması barədə əmr verir. Universitetlərin “menecer”ləri rektorların yaxın qohum-əqrabalarıdır. Məzmunu, dərsliyi, kitabı, kitabxananı bilməyən, təhsilin müasir paradiqmalarından xəbərsiz qohum əqraba... Özəl Universitetin rektoru haralıdırsa əməkdaşların da əksəriyyəti həmin regiondandır.

Yeri gəlmişkən, bu feodal təfəkkürdə olanlardan biri də Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı idi. Ancaq özünü təhsil meneceri kimi aparırdı. Bu adam onu tənqid edənlərin birindən Elmi Şuranın 62 üzvünün imzası ilə şikayət etmişdi. Yekdilliklə. Görün bu menecment Elmi Şuranı hansı çirkin əməllərə vadar edir.

Paneldəkilərdən biri- Xəzər Universitetinin rektoru isə idarəçiliyi qardaşına və qohum əqrabasına verib, İrandan magistrləri auditoriyalara doldurub. Adını qoyub ki, xaricdən müəllimlər dəvət edib və bu səbəbdən təhsil haqqını 4000 manat edib.

Xəzər Universitetinin Scopus bazasındakı məqalələrinin 65-70% İranlı müəlliflər tərəfindən yazıldığı da sirr deyil. Paneldə olanlardan biri isə özəl orta məktəb rəhbəridir və ixtisası filologiyadır, ancaq gecə-gündüz STEAM-dan danışır. S-science (təbiət elmləri), T-technology (texnologiyalar), E-engineering (mühəndislik), M-mathematics (riyaziyyat). Başqa sözlə STEAM təbiət elmləri və texnologiyanı, texniki yaradıcılıq və riyaziyyatı birləşdirən sahələrarası yanaşmadır.

Bizim təhsil menecerləri bunlardır. Ən pisi isə odur ki, cəmiyyəti ələ salırlar.

Bir az yumşaq desəm, “Təhsil menecer”ləri anlayışı ilə “təhsil tacir”ləri anlayışı sinonim təşkil edir. Gözdən salınan isə “Forum” anlayışdıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR