Azərbaycan üzərindən tranzit gəlirlər nə qədər artacaq? - AÇIQLAMA

Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi istiqamətində Rusiya ilə aparılan danışıqlarda texniki məsələlərin 70 faizi razılaşdırılıb.

Metbuat.az-ın məlumatına görə, İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Dövlət Şirkətindən bildirilib ki, yolun tikintisinin maliyyələşmə qrafiki, yükdaşıma imkanının artırılması, stansiyaların inşası, istismarın qaydaları haqqında Rusiya ilə razılıq əldə olunaraq sənəd imzalanıb.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Eldəniz Əmirov Xəzərxəbər.az-a bildirib ki, 18 il əvvəl ölkəmizin qoşulduğu bu dəhliz, ona qoşulan bütün ölkələrə əlavə gəlir gətirəcək.

Ekspert bildirib ki, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi əsas rol oynayan ölkədir. Bu dəhlizin Azərbaycan üzərindən keçməsini nəzərə alan dövlət böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən quruldu. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verildi, Astaraçay üzərində yeni avtomobil körpüsünü tikintisi artıq başa çatıb və yaxın günlərdə hər iki dövlət rəsmilərinin iştirakı ilə istismara veriləcək. Bütün bunlarla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC İranın Astara şəhərində yük terminalının tikintisini davam etdirir.

Mütəxəssislərin hesablamalarına əsasən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başladıqdan sonra Azərbaycan ildə 2,5-3 milyard dollar tranzit gəlir əldə edəcək.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolu Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq.

Ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR