Tədavül ili köhnə olan dollar və manatı harada dəyişmək olar? – AÇIQLAMA

Ölkədə mövcud olan bəzi kommersiya bankları 2006-cı ildə tədavülə buraxılmış ABŞ dollarını qəbul etmir.

Bu barədə Metbuat.az-a şikayət edən vətəndaş bildirib ki, bir neçə banka yaxınlaşaraq dolları manata çevirmək istəsə də bu mümkün olmayıb. Bəs bu halda vətəndaşlar nə etməlidir?

Suala cavab olaraq iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, banklar tədavül ili köhnə olan ABŞ valyutasını dəyişməyə məcbur edilə bilməz.

Eksper qeyd etdi ki, tədavül ili köhnə olan ABŞ valyutasını yalnız Amerika Bırləşmiş Ştatları ərazisində dəyişmək mümkündür.

Bəs Azərbaycanda əzilmiş, zədələnmiş, tədavül ili köhnə olan əskinasları necə dəyişmək olar?

Bu suala cavab olaraq ekspert bildirdi ki, AMB ölkədə milli valyutanın dəyişməsinə məhsuliyyət daşıyır:

“Azərbaycanın müxtəlif regionlarında, o cümlədən paytaxtda Mərkəzi Bankın nağd pul ofisləri var. Vətəndaşlar onlara yaxınlaşıb həm zədələnmiş, yararsız hala düşmüş, tədavülə yararsız olan pulları, həm də tədavül müddəti 2000-ci illərin əvvəlində olan əskinasların dəyişidirilməsini tələb edə bilərlər. Həmin əskinasların sahibi kommersiya bankları yox, Mərkəzi Bankdır. Əskinaslarla baş vermiş müxtəlif vəziyyətlərə görə Mərkəzi Bank məhsuliyyət daşıyır”.

Ekspert onu da qeyd etdi ki, əskinasların dəyişdirilməsi zamanı diqqət ediləsi vacib məqamlardan biri də həmin pulların Mərkəzi Bankın müəyyənləşdirdiyi qaydalara uyğun olmasıdır:

“Vətəndaşlar dəyişdirmək istədiyi pulun yeni və köhnə olmasından asılı olmayaraq 60 faiz-ə qədər hissəsi qalıbsa, müxtəlif yerlərə bölünsə belə onun 100 faizini bir yerdə toplamaq mümkündürsə bu zaman həmin pulu Mərkəzi Bankın nağd pul ofisləri qəbul edəcəkdir. AMB kommersiya bankları üçün baş ağrısı olan bu məsələni həll etməyə borcludur”,-deyə ekspert bildirib.

Qeyd edək ki, Mərkəzi Bankdan sorğumuza cavab olaraq bildirdilər ki, Azərbaycan Respublikası Mərkəzi Bankı ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi yoxdur. Kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR