Azərbaycanın Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq tədbirdə iştirak edib

Cari ilin 9-11 noyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa Vəkillər Assosiasiyası (AEA-EAL) ilə Gürcüstan Vəkillər Kollegiyasının (GVK) birgə dəvəti ilə “Vəkillər üçün Biznes və İnsan Hüquqları” mövzusuna həsr olunmuş beynəlxalq konfransda və Gürcüstanda Vəkil Günü münasibətiilə keçirilən tədbirdə iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.

Metbuat.az xəbər verir ki, səfərdə ARVK-nın sədri A.Bağırovla yanaşı, Kollegiyanın üzvləri, “Arbitrium” Vəkil Bürosunun müdiri Polad Mehdiyev, ARVK-nın AEA-EAL-dəki təmsilçisi Şərəf Məmmədova və Aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova da iştirak edib.

Tədbirinin əsas məqsədi vəkillər arasında biznes və insan hüquqları mövzusunun təbliği, bu sahə üzrə beynəlxalq və regional təcrübənin öyrənilməsi, habelə müəssisələr tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması olub. Konfrans həm də insan hüquqları və iqtisadi inkişaf sahəsində Avropa dəyərlərinin və standartlarının təbliği üçün əhəmiyyətli platforma olub.

Qeyd edək ki, konfransda Gürcüstanın ədliyyə naziri Rati Breqadze, nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri, dünyanın müxtəlif ölkələrinin vəkillər kollegiyalarının, hüquq cəmiyyətlərinin rəhbərləri, habelə dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan ARVK sədri A.Bağırov ARVK-nın AEA-EAL-a üzvlüyünün peşəkar inkişaf və əməkdaşlıq üçün yeni yollar açdığını, ARVK-nın beynəlxalq əlaqələrinə mühüm töhfə verdiyini deyib. Diqqətə çatdırılıb ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması insan hüquqlarının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir və bu siyasətə uyğun olaraq daxili qanunvericilik daim təkmilləşdirilir.

Sədr ARVK-nın insan hüquqlarının əsas müdafiəçilərindən biri olduğunu və bu sahədə vətəndaş cəmiyyətinin institutu kimi mühüm rol oynadığını qeyd edib. A.Bağırov həmçinin ARVK-nın bu sahədə bir çox təşkilatlarla əməkdaşlıq etdiyini, nəticədə Kollegiya üzvləri, gənc hüquqşünaslar və hüquq fakültələrinin tələbələri üçün biznes və insan hüquqları mövzusunda çoxsaylı təlimlərin keçirildiyini vurğulayıb.

Daha sonra konfransda Ş.Məmmədova “Biznes və əmək hüquqları arasında tarazlığın qorunması: Komplayns çərçivəsi” mövzusunda geniş təqdimatla çıxış edib. ARVK-nın bu sahədə gördüyü işlərdən, xüsusilə Biznes və Əmək hüququ Komitələrinin təsis edilməsini, vəkillər üçün mütəmadi olaraq təlimlərin keçirilməsini, ölkədə biznes və əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində ARVK-nın rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Gələcək əməkdaşlığın gücləndirilməsi məqsədilə ARVK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və bir sıra ölkələrin vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Sonda Vəkil Günü münasibətilə tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib. Ziyafət zamanı A.Bağırov ARVK adından gürcüstanlı həmkarlarına hədiyyələr təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR