Ötən il Azərbaycan üzrə 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb

Ötən il Azərbaycan üzrə 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb
17:02 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 16:56 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işlər 2014-cü ildə intensiv qaydada davam etdirilib.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, il ərzində “Azərsu” tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb. Quraşdırılmış sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür.

 

Hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd smart-kart sayğacı quraşdırılıb. Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər smart-kart sayğaclarla təmin olunur. 

 

Ümumilikdə smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış smart-kart sayğacların sayı 352 minə çatıb. Smart-kart sayğacların quraşdırılması əhali və qeyri əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 320 min ədədi əhali, 32 min ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb, eyni zamanda həmin abunəçilər üzrə ödəniş 100% təmin olunub.

 

Bu ilin yanvarın 1-nə “Azərsu” üzrə abunəçilərin 750 mini və ya 57%-i sayğaclarla təmin olunub. Əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56%, qeyri-əhali qrupu üzrə isə 77% təşkil edir. Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də  bölgələrdə smart-kart sayğacların quraşdırılması davam etdirilir.

 

2014-cü ildə magistral xətlər üzərində 20 ədəd elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 75 ədəd elektromaqnit fləns tipli “Krohne” su sayğacları quraşdırılaraq istismara verilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR