Bakı-Sumqayıt yolunda dəhşətli qəza: İki nəfər ölüb - YENİLƏNİB / FOTO

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza baş verib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bir neçə gün əvvəl edilən xəbərdarlığa baxmayaraq, sürücünün məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi növbəti dəfə ağır faciəyə səbəb olub.

Belə ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “Mercedes” markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb.

Bu zaman, arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub. Nəticədə “”Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinə paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra nasazlığı aradan qaldırmağa başlamalı, texniki yardım istəməlidir”, - qurumun məlumatında qeyd edilib.

09:12

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az əbər verir ki, qəza Bakı-Sumqayıt şossesində qeydə alınıb. Belə ki, paytaxt istiqamətində hərəkətdə olan “Honda” və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub. “Mercedes-Benz” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını beton arakəsməyə çırpıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb. Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR