De Byazi bu sualdan sonra mətbuat konfransını tərk etdi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Avro-2024-ün seçmə mərhələsində Belçikaya 0:5 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransını yarımçıq tərk edib.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, mütəxəssis konfransda jurnalistlərin ona tənqidi suallar ünvanlamasına qəzəblənib.

İtaliyalı məşqçi əsəbi halda konfrans zalından ayrılıb.

***

“Oyundan qabaq da bizi çox ağır oyun gözlədiyini demişdim. Belə də oldu. Güclü rəqiblə oynadıq".

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Belçikaya 0:5 hesab ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis yığmanın əlindən gələni etdiyini deyib: "Belçika yığması qrupun ən güclü komandasıdır. Hansı ki, cəmi bir heç-heçələri vardı, o da məlum səbəblərdən İsveçlə başa çatmamış oyun idi. Qalan bütün oyunlarında qələbə qazanmışdılar. Bizim üçün üç gündən bir oynamaq çox çətindir. Öz meydanımızda Belçikaya qarşı ilk oyunda çox yaxşı oynamışdıq. İsveçlə, Estoniya ilə oyunlarımız çox yaxşı keçmişdi. Az xal qazansaq da, hər bir oyunda sonadək vuruşduq. Bugünkü oyuna gəlincə, 24-cü dəqiqədə 10 nəfərlə qalandan sonra oynamaq çox çətin idi. Uşaqlar bundan artığını bacarmazdılar”.

İtaliyalı məşqçi əsas heyətə Coşqun Diniyevi yox, Eddi İsrafilovu daxil etməsinin səbəbini açıqlayıb: “Dediyim kimi, üç gündən bir oynamaq bizim üçün çox çətin olur. Xüsusilə də fiziki baxımdan. Bunu nəzərə almaq lazımdır. Həmişə fiziki hazırlıq üzrə məşqçidən oyunçuların durumunu soruşuram, onların özləri ilə söhbətləşirəm ki, durumlarını bilim. Bu gün Eddini ilk dəqiqələrdən meydanda gördünüz. İsveçə qarşı çox yaxşı oynamışdı. Beynimdə vardı ki, ilk hissədə Eddi oynasın, fasilədən sonra Coşqunu buraxaram. Amma alınmadı. Ramil Şeydayevlə Bəhlul Mustafazadə də cəzalı durumda olduqları üçün əvəzlənmişdilər".

O, Azərbaycan millisinin oyunun 2-ci hissəsində daha yaxşı çıxış etdiyini deyib: "İkinci hissədən daha çox razı qaldım. Fasilədə uşaqlarla danışdıq. Düzdür, yenə qol buraxdıq, amma xarakter göstərdik. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə də qalsaq, sonadək döyüşməliyik”.

Mütəxəssis jurnalistlər tərəfindən tənqid olunmasına da toxunub: "Karyeramda ilk dəfə belə halla rastlaşıram. Mənim günahım deyil. Burada işləyirəm və sizinlə görüşməyə məcburam. Bizim inkişafımızı görmək istəmirsiniz. Qat-qat çox iş görmüşük. Mentaliteti dəyişirik”.

Sonda Canni De Byazi azərbaycanlı jurnalistlərin tənqidi suallarına əsəbiləşərək mətbuat konfransını əsəbi halda tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR