Körpələr üçün yeməklər çox bahadır, "uşaq pulu" verilməlidir - Deputat

“Bir yaşından üç yaşına kimi uşağlara uşaq yeməyi dövlət tərəfindən pulsuz verilməlidir. Hər bir valideyn ay ərzində ən azından 300-400 manat pulu uşağı saxlamaq üçün xərcləməli olur. Sual oluna bilər, bu gün hansı ailənin uşağın xərcləri üçün üçün 300-400 manat ayırmaq imkanı var?

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Razi Nurullayev deyib. Hazırda körpələr üçün mağazalarda satılan qidaların baha qiymətə olduğunu xatırladan deputat bildirib ki, bu qiymətlərlə heç bir valideyn ikinci uşaq dünyaya gətirmək barədə düşünə bilməz:

“Körpələr üçün qidaların ən ucuzu 30-40 manatdan başlayır. Daha yaxşı hazır uşaq qidaları isə 150-200 manat arasında satılır. Bu baxımdan “uşaq pulu” verilməlidir. Vacib deyil 18 yaşına qədər verilsin. Bunu uşağın əsas inkişaf aralıqları olan yaş dövrlərində, məsələn, bir yaşından üç yaşına qədər, üç yaşından beş yaşına və daha sonra bir qədər də artıraraq ailələrə kömək etmək olar. Bu gün dövlət tərəfindən çoxlu sosial müavinətlər verilir. Onların bir çoxunu azaltmaqla oradan da əldə olunan pulu birbaşa hər bir imkansız ailəyə verməklə məsələni həll etmək olar”.

Sosial problemlər səbəbindən evlilik üçün addım ata bilməyən gənclər barədə də danışan deputat qeyd edib ki, qurulan ailələrdə imkansızlıq səbəbindən atalar ümumiyyətlə uşaqlarını atıb gedirlər:

“Nəticədə, analar aliment almaq üçün məhkəmələrə üz tutmalı olurlar. Bu gün bu problemlərə görə ailə dəyərlərimiz təhlükə altına düşüb. Bu məsələlərin həll olunması vacibdir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı