​Ölkədə qızılca təhlükəsi: “Bu adamlarda risk böyükdür”

Səhiyyə Nazirliyi respublikanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edildiyi ilə bağlı məlumat yayıb. Bildirilir ki, bu yoluxma hadisəsi qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.

Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar. Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir.

Vəziyyət barədə Metbuat.az-a müsahibə verən Abşeron Rayon Mərkəzi Xəstəxasının həkim-infeksionisti Aydan Sevizadə bildirdi ki, payız-qış fəslində immun sistemi aşağı düşdüyünə görə yuxarı tənəffüs yolları infeksiyalarına yoluxma ehtimalı daha yüksək olur:


“Qızılca yuxarı tənəffüs yolu infeksiyası olduğuna görə hava damcı ilə bu xəstəliyin yayılma ehtimalı daha yüksəkdir. Qeyd edim ki, qızılca xəstəliyinə yoluxma həmişə kütləvi halda olub. 2018-2019-cu illərdə də epidemiya formasında belə bir alovlanma var idi. Xəstəliyin kütləvi yayılmasına səbəb uşaqla arasında peyvəndin düzgün aparılmamasıdır. Son vaxtlar valideynlər uşaqların peyvənd olunmasından imtina edirlər. Bu doğru qərar deyil. Peyvənd xəstəlikdən qoruyur. Demək olar ki, peyvənd olunan uşaqlar arasında yoluxma ehtimalı aşağıdır. Peyvənd olunmayan on uşaqdan doqquzunun yoluxma ehtimalı var”.

Xəstəliyin xüsusi müalicəsinin olmadığını vurğulayan həkim-infeksionist dedi ki, xəstəyə qızılca diaqnozu 5-7 gün müddətində davam edən qızdırmadan sonra mərhələli formada başlayan səpkilərin ardınca qoyulur:

“Əsasən başda və boyunda, yuxarı bədən nahiyəsindən sonra aşağı ətraflara doğru yayılan səpkilər çəhrayı, qırmızı rəngdə olur. Müalicə müddətində xəstəyə bol maye qəbulu, meyvə, tərəvəz, yaxşı qidalanma tövsiyyə edilir. Eyni zamanda xəstəyə vitamin qəbulu məsləhət görürük . Otit, pnevmaniya, ensefalit kimi ciddi ağırlaşmalar olmadığı halda xəstəyə antibiotik təyininə ehtiyac yoxdur. Karantin müddəti 21 gün hesab olunur”.

Bəs qızılcaya yoluxmuş uşaq valideynini, ətrafındakı böyük şəxsləri yoluxdura bilərmi?

Bu suala cavab olaraq həkim bildirdi ki, əsasən 3-10 yaş arasında uşaqlarda müşahidə edilən qızılcanın böyüklərə də keçmə ehtimalı var:

“Valideynlər vaxtı-vaxtında uşaqları peyvənd etmədikdə qızılca xəstəliyi uşaqlarda ağır keçə bilər. Tədqiqatlar göstərmişdir ki, böyüklərdə uşaqlarda olduğuna nisbətən daha ağır keçir. Əgər böyüklər uşaq yaşlarında peyvənd olunublarsa biz onlara yenidən peyvənd olunmağı məsləhət görmürük. Kimsə uşaq vaxtı qızılcadan müdafiə üçün peyvənd olunduğunu xatırlamasa, biz bunun üçün həmin şəxsin qanına baxıb qızılcanın antigeninin olub-olmadığını yoxlaya bilərik. Testin nəticəsi neqativ çıxarsa, yəni qanda antitel aşkarlanmazsa, o zaman böyüklərə peyvənd olunmağı məsləhət görürük”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR