Azərbaycan və Tacikistan arasında əməkdaşlıq sənədi imzalandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Gülnora Hasanzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Metbuat.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Tacikistanın ortaq tarixə, dinə və mədəniyyətə malik ölkələr olduğunu və iki ölkənin dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ilə əlaqələrin daim genişləndiyini vurğulayıb.

Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

G.Hasanzoda əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğunu və bu istiqamətdə gələcəkdə də səylərin artırılacağını, fəal təcrübə mübadilələrinin önəmini diqqətə çatdırıb.

Görüşün yekunu olaraq nazirlər “2024-2025-ci illər üçün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əməkdaşlığa dair Tədbirlər Planı”nı imzalayıblar.

Sənəddə qeyd olunan dövrdə iki nazirlik arasında müvafiq fəaliyyət sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün görüləcək tədbirlər əhatə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR