FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Metbuat.az nazirliyə istinadən xəbər verir ki, müraciətdə deyilir:

    "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah ölkə ərazisində hava şəraiti yağıntılı keçəcək, güclü külək əsəcək, şimşək çaxacaq.

    Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

    Həmçinin, ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!"


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR