İrəvan Pakistanla münasibətlərin qurulmasına can atır: "Sülh müqaviləsi imzalanarsa..."

“Pakistan Ermənistanı dövlət kimi tanımır. İrəvanla İslamabad arasındakı gərginliyin kökündə dayanan əsas səbəb budur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. İrəvan-Dehli əlaqələrinə toxunan ekspert bildirdi ki, Hindistan tərəfindən sürətlə silahlandırılan Ermənistanla əlaqə qurmaq Pakistan üçün ümumiyyətlə maraqlı deyil:

“Məsələnin dərinliyinə vardıqdaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da mühüm rolu olduğunu görə bilərik. Çünki Ərdoğanın müsəlman aləminin həmrəyliyində böyük əməyi var. Pakistanla Azərbaycan unikal əlaqələrə malik iki dövlətdir. Ermənistanla Azərbaycan arasında imzalanan sülh müqaviləsi həm Pakistanla münasibətlərə müsbət təsir edər, həm də Hindistanın İrəvana qarşı isti münasibətini soyudar".

Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda verdiyi açıqlamaların birində qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün əlverişli şərait yarada bilər. O bildirib ki, İslamabadın İrəvanla diplomatik əlaqələrdən imtina etməsi məhz Azərbaycan faktoru ilə bağlıdır.

Ermənistanın baş nazirinin bu açıqlamasına münasibət bildirən Kənan Novruzov deyir ki, Paşinyanın indiki məqamda bu açıqlama ilə çıxış etməsi həm də daxili auditoriyaya hesablanıb:

“Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının Ermənistan üçün vacib olduğunu, ikinci tərəfdən İrəvanın sülh müqaviləsində maraqlı olduğunu göstərmək istəyir. Hesab edirəm ki, həqiqətən də Paşinyanın dediyi kimi sülh müqaviləsi imzalanarsa bu nəinki Ermənistanın Türkiyə ilə eyni zamanda Pakistanla münasibətlərin bərpasına kömək edəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR