Baş nazir yeni Qərar imzaladı

Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da aşağıdakı məzmunda 15-2-ci hissə əlavə edilib:

- 15-2. Sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər notariat ofisinə gəlmədən, əvvəlcədən onların xahişi ilə sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətlərinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən sosial xidmət müəssisələrinə yerləşdirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsi nəzərə alınmaqla) notariusa təqdim edilməklə notariat hərəkəti sosial xidmət müəssisəsində aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir.

Həmçinin, bildirişdə müraciət edilən notariat hərəkətlərinin adı və sayı, xidmətin göstərildiyi yer və başlanma və başa çatma vaxtı (gün və saat), müraciət edənin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi və əlaqə vasitələri (mobil və stasionar telefon nömrələri) əks edilir.

Sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş notariat işində saxlanılır, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin rəsmiləşdirilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır.

Bundan başqa, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər barəsində notariat hərəkətləri sosial xidmət müəssisələrinin olduğu inzibati ərazi üzrə notariat ofisinin və ya həmin müəssisənin yerləşdiyi əraziyə ən yaxın notariat ofisinin notariusu tərəfindən aparılır.

Qərara əsasən, notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR