Qulluq stajına görə hərbçilərin pensiyasına əlavələr niyə fərqli hesablanıb? - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov qulluq stajına görə hərbçilərin əmək pensiyasına əlavələrin fərqli hesablanmasına aydınlıq gətirib.

Metbuat.az bildirir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliyin birinci oxunuşda müzakirəsi zaman E.Abbasov bildirib ki, hərbi qulluqçular var ki, eyni vəzifədə, fərqli rayonda işləyir, onlardan biri yüksəkliyə görə qulluq əlavəsi alır, biri almır.

“Belə amillər təminat xərcliyinə təsir edir: Bu amillər təminat xərcliyinə təsir etdiyinə görə də məbləğ fərli çıxır. Yaxud əlavələrə xidmət etdiyi illər təsir edir. Tutaq ki, bir hərbçi 22 il, digər hərbçi 25 il xidmət edir, arada 5-10 faizə qədər fərq yaranır. Hərbçilərlə bağlı 20-ci maddədə 4 alt bənd var. Burada xidmət illərini tamamlayaraq pensiyaya çıxanlar, yaşa və səhhətinə görə pensiyaya çıxanlar, ştatların ixtisarına görə pensiyaya çıxanlar və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular məsələsi var.

Bunların hər birində əmək pensiyasına əlavələrin faizləri fərqlidir. Məsələn, qarışıq stajda bu əlavələr 1 faizdir. Ancaq 25 ilini tamamlayıb pensiyaya çıxanlarda bir qayda olaraq Müdafiə Nazirliyi sistemində çalışıbsa, bu dəyişiklik təsdiq olunandan sonra hər ilinə görə pensiya təminatına 3 faiz əlavə veriləcək, digər qurumlarda isə 2 faiz verilməsi davam edəcək. Yəni qarışıq stajda pensiyaya çıxanlara verilən 1 faiz əlavə azaldılmır.

Faizlər arasında fərqin aradan qaldırılması ilə bağlı deputatlar tərəfindən irəli sürülən təkliflərə gəlincə, uzun müddət hərbi xidmətin hesablanması ilə bağlı Nazirlər Kabinetinin 631 saylı qərarı var. Həmin qaydalarda xidmət dövrləri bəzi ərazilər və hərbi hissələrdə 2 qat, 1,5 qatla hesablanır. Məsələn, cəbhə bölgəsində xidmət edirsə, 1 ili 2 il kimi hesablanır.

Bizim təhlillər, statistika onu göstərir ki, əksəriyyət hərbi qulluqçularda təqvim ili 25, 30 təqvim ili olmasına baxmayaraq, onun xidmət dövrü əmsallar nəzərə alınmaqla 40 il, 45 il, bəzən daha uzun müddət olduğuna görə böyük əksəriyyəti 100 faiz xidmət dövrünü tamamlayırlar. Ona görə də buna müdaxilə etməyə, bu sahədə qanunu dəyişməyə zərurət görmədik”, - deyə o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR