Füzuli, 19 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Füzuli rayonunda müxtəlif tədbirlər keçirilir, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində anma mərasimləri, konfranslar, yığıncaqlar, xatirə gecələri təşkil edilir.
AzərTAc xəbər verir ki, yanvarın 19-da Horadiz şəhərindəki Füzuli Dram Teatrında “Qisas qiyamətə qalmaz” adlı poetik xalq faciəsi nümayiş etdirilib.
Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri əvvəlcə teatrın foyesində təşkil edilən sərgidə 20 Yanvar faciəsinə həsr olunan kitab, rəsm və fotolarla tanış olublar.
Sonra Füzuli Dram Teatrının kollektivi tərəfindən “Qisas qiyamətə qalmaz” adlı poetik xalq faciəsi göstərilib.
Kompozisiyanın ssenari müəllifi Vaqif Vəliyev, quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssam Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. 1990-cı il yanvarın 20-də Bakıda törədilən qətliama, faciə qurbanlarından olan İlham və Fərizənin qəhrəmanlıq və sevgisinə, digər şəhidlərimizə həsr olunmuş süjetlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.