Zakir Həsənov Türkiyə Baş Qərargahının 2-ci rəisi ilə görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert ilə görüşüb.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdən əvvəl türkiyəli nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdirib.

Sonra Müdafiə Nazirliyində görüş keçirilib.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu xüsusi vurğulayan nazir bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən ordu generalı İ.Özsert göstərilən qonaqpərvərliyə və səmimi münasibətə, eləcə də hər iki qardaş ölkənin hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib.

Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

Görüşdə Azərbaycan və Türkiyə respublikaları arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Baş Qərargahda keçirilən görüşdə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub. Hər iki ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR