Ceyhun Bayramov estoniyalı həmkarı ilə danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə telefon danışığı baş tutub.

Metbuat.az XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda hazırkı proseslər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə mövzusu olub.

Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

C.Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR