"İlahiyyat Kollecinin olmasına ehtiyac yoxdur" - Elçin Əfəndi

“Bakı İlahiyyat Kollecinin yaradılması barədə verilmiş qərarı birmənalı qarşılanmıram. Hesab edirəm ki, belə bir kollecin olmasına ehtiyac yoxdur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi bildirib. Ekspert deyir ki, əmək bazarında formalaşan tələblər istiqamətində ixtisaslı kadrlar yetişdirəcək kollecin yaradılması daha məqsədəuyğun olardı:

Yaş 2 olsa da, fəaliyyətiniz beşlikdir" - Elçin Əfəndi

“Bildiyiniz kimi, Azərbaycan İlahiyyat İnstitutuna qəbul zamanı keçid balları çox aşağı olur. Demək olar ki, plan yerləri dolur, bəzən boş yerlər də qalır. Bunun müqabilində belə bir kollecin yaradılması mənə görə doğru deyil. Təbii ki, verilmiş bu qərar nəyəsə əsaslanaraq verilib, amma yenə də əsas üstünlüyü prioritet olan, əmək bazarında ehtiyac duyulan sahələrə verilsə daha yaxşı olardı”.

Hazırda əmək bazarında informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi kimi sahələrdə kolleclərin yaradılmağına ehtiyac duyulduğunu vurğulayan müsahibimiz qeyd etdi ki, bu ixtisaslar üzrə ən azı subbakalavr dərəcəsində kadrlar yetişdirmək daha yaxşı nəticələrə gətirib çıxara bilər:

“Azərbaycanda bir neçəsi istisna olmaqlar, kolleclərin nüfuzu, reytinqi o qədər yüksək deyil. Bəzən görürük ki, bu istiqamətə gedən şagirdlərin sayı ya az olur, ya da ki, çox çarəsiz vəziyyətdə qaldığı üçün universitetlərə qəbul olunmadığı təqdirdə artıq kollecləri seçməyə üstünlük verir. İlahiyyat Kolleci ilə bağlı bu istiqamətə gedəcək şəxslərin seçiminin nəyə əsaslanacağını isə zaman göstərəcək”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov müvafiq qərarına əsasən Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb. Qərarla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu Qərarın 2.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək tapşırılıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR