"Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir" - Firad Əliyev

Artıq 20 ildir ki, nəhəng tarixi şəxsiyyət, dünyaşöhrətli siyasətçi, xalqımızın böyük oğlu Heydər Əliyev cismən bizim sıralarımızda deyil. Bununla belə, Ümummilli Lider Heydər Əliyevin parlaq xatirəsi daim hafizələrdə və qəlblərdə yaşayacaq. Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir.

Metbuat.az xəbər verir ki, bunu AZƏRTAC-a Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev söyləyib.

Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda izdiham müşahidə olunur. Hava yağışlı olsa da, bu müqəddəs məkanı ziyarət etmək üçün gələn insan selinin ardı kəsilmir. Bu hal Ümummilli Liderə olan sonsuz xalq sevgisinin izharıdır. Əminəm ki, leysan da, qar da yağsa, çovğun da, şaxta da olsa ziyarətçilərin sayı azalmayacaq. Bilirsinizmi niyə? Cavab çox sadədir, çünki öz canını belə xalqına və dövlətinə fəda etmiş vətənpərvər insanı ziyarət etmək hər kəsin qəlbinin səsi olmaqla, içindən gəlir. Əminəm ki, heç bir hava şəraiti və ya digər hər hansı maneə insanları bu məkanı ziyarət etməkdən çəkindirə bilməz. Nə qədər Azərbaycan və xalqımız var olacaq, Ulu Öndər Heydər Əliyevin məzarı yüksək ehtiramla ziyarət olunacaq, Ümummilli Liderin əziz və unudulmaz xatirəsi böyük məhəbbətlə anılacaq.

Firad Əliyev deyib: “Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin və xalqın maraqlarına, qanunun aliliyinin təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması da Ulu Öndərin prokurorluqla bağlı həyata keçirdiyi ardıcıl və çoxşaxəli islahatlar, prokurorluğa göstərdiyi böyük dəstək və qayğı sayəsində mümkün olub. Azərbaycan Prokurorluğu bir əsrə yaxın müddətdə, 80 il ərzində dövlətin etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması yalnız tarixi reallığın bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin və dövlət qayğısının yüksək səviyyədə təzahürü olub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR