Ənvər Sadıqov və “Qaytağı” instrumental ansamblı gənclərin qonağı olacaq

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsinin növbəti qonağı Xalq artisti Ənvər Sadıqov və onun rəhbərlik etdiyi “Qaytağı” İnstrumental Ansamblı baş tutacaq.

Birliyin Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə baş tutacaq tədbir 14 dekabr, saat 14:00-da keçiriləcək.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilən görüşdə Xalq artisti Ənvər Sadıqov peşəkar Azərbaycan musiqi mədəniyyətinin təbliği və inkişafı, müasir musiqi industriyasında mövcud ənənələr, intellektual improvizasiya, sənətkar amili və Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edəcək.

Tədbir müddətində həmçinin “Peşəkar Azərbaycan musiqisində Heydər Əliyev amili”, “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində musiqinin rolu” və “Yaradıcı musiqi platformasının inkişafında yanaşma” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində Xalq artisti Ənvər Sadıqov və “Qaytağı” instrumental ansamblının müxtəlif musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Layihə çərçivəsində indiyədək müxtəlif mədəniyyət xadimləri ilə görüşlər həyata keçirilib.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://rb.gy/yasv8t


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR