Putin ilin son konfransında niyə "meydan oxudu?" - TƏHLİL

Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında çıxışı zamanı Ermənistan ilə bağlı maraqlı fikirlər səsləndirib. Putin deyib ki, Qarabağdan imtina edən, Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistandır.

Kreml rəhbərinin birmənalı səslənməyən bu açıqlamasını Metbuat.az-a politoloq Elçin Xalidbəyli şərh edib. Ekspert hesab edir ki, Putinin bu fikirləri birbaşa Paşinyan hakimiyyətinə qarşı yönəlib:


“Kreml sahibi analoji məzmunlu açıqlamanı artıq bir neçə dəfə təkrarlayıb. Səbəb isə Paşinyan hakimiyyətinin Rusiyaya qarşı ittihamları ilə bağlıdır. Çünki rəsmi İrəvan Ermənistanın bütün hərbi-siyasi uğursuzluqlarına görə Rusiyanı günahlandırır. Xüsusilə də, Paşinyan hakimiyyəti II Qarabağ savaşında Rusiyanın öz hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini və Ermənistana dəstək vermədiyini vurğulayır. Ona görə də, prezident Vladimir Putin belə açıqlamalar verərək, Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını bərpa edə bilməsinin əsas səbəbini Paşinyan hakimiyyətinin Qarabağdan imtinası və ya onu Azərbaycanın ərazi bütövlüyü daxilində tanıması ilə izah etməyə çalışır”.

Putinin bu açıqlamalarına səbəb olan faktlar barədə danışan E.Xalidbəyli vurğuladı ki, Kreml sahibi bununla Ermənistanda Rusiya əleyhinə təbliğatın qarşısını ala biləcəyinə ümid bəsləyir:

“Putin bu açıqlaması ilə Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə qarşı güclü etiraz dalğası yaratmağa cəhd göstərir. Kremldə hələ də ümid edirlər ki, əgər, Ermənistanda hakimiyyət dəyişsə, bu ölkənin Qərbə yaxınlaşma niyyətindən uzaqlaşdırmaq mümkün ola bilər. Halbuki, erməni toplumu artıq Rusiyadan tamamilə üz çevirib. Yəni, Kreml siyasi-ideoloji təbliğat baxımından ciddi şəkildə gecikib. İndiki halda, Kreml təmsilçilərinin belə açıqlamaları yalnız Rusiyanın Azərbaycana qarşı riyakar mövqe tutduğunu biruzə verir”.

Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında Qarabağla bağlı Ermənistanda gərgin vəziyyət yaranması deməsini absurd bir yanaşma hesab edən politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a bildirdi ki, artıq Ermənistan hakimiyyəti və ictimaiyyəti Qarabağın Azərbaycanın ərazi bütövlüyü olması ilə barışıblar:


“Məsələ ondadır ki, Rusiyada müəyyən revanşist qüvvələr bu məsələni qabardaraq gərginlik yaratmağa çalışırlar. Onlar da heç də Ermənistanda ictimai dəstəkləri yoxdur. Ermənistan hakimiyyətində, siyasətində də belə bir gərgin vəziyyət yoxdur. Onlar bu reallıqla demək olar ki, barışıblar.

Hazırda İrəvan Rusiyadan uzaqlaşaraq Ermənistan hakimiyyətinin öz seçdiyi siyasi xətt istiqamətində gedir. Putin də göstərmək istəyir ki, Rusiyanın Ermənistanla problemi yoxdur, sadəcə olaraq Nikol Paşinyanı siyasətdən uzaqlaşdırmaq istəyir. Hələ ki, Vladimir Putin hakimiyyəti Ermənistana təzyiq edə bilmir”.

Siyasi şərhçi Kənan Novruzov İrəvan Moskva xəttindəki gərginliyə diqqəti çəkərək bildirdi ki, Ermənistanda Qarabağla bağlı gərgin vəziyyət yarandığını deyən Putin daha çox İrəvanda hakimiyyətlə radikal müxalifət arasındakı ziddiyyəti nəzərdə tutub:


“Bildiyiniz kimi, Ermənistanda Nikol Paşinyanı satqınlıqda ittiham edirlər. Putinin açıqlamalarında da bu məsələ əsas düşüncə olub. Ermənistanda uzun illər belə belə bir aksiom var idi ki, Ermənistan Cənubi Qafqazda, Rusiyanın forpostudur. Ola bilsin, Putin Ermənistanın məğlubiyyətinin səbəbkarının Rusiya deyil, Ermənistan özü olduğunu deməklə məsuliyyəti Rusiyanın boynundan atmaq istəyir”.

Politoloq Turan Rzayev isə düşünür ki, Kreml Qarabağdan gedən ermənilərin siyasi təşkilatlanması və mövcud hakimiyyətə qarşı alternativ olmasında maraqlıdır:

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

“Putinin açıqlamasında əsas narahatverici məsələ dediklərinin ərazi bütövlüyümüzə açıq-aşkar hörmətsizlik olmasıdır. Belə çıxır ki, Rusiya Qarabağın işğaldan azad edilməsində heç vaxt maraqlı olmayıb. Sadəcə, Paşinyanın atdığı addımlar Bakının əlini gücləndirib, Kremli isə çarəsiz qoyub. Buradan həm də belə bir ehtimal risk yaranır ki, Qarabağdan gedən ermənilər Azərbaycana qayıtmaq istəsələr, Kreml bunun baş verməsi üçün əlindən gələni edəcək. Düzdür, bu, zəif ehtimal olsa da, Rusiya sülhməramlılarının Qarabağda olduğu müddətdə risk kimi qalmaqdadır. Lakin çox güman ki, rəsmi Bakının buna qarşı da effektiv kartı var”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR