“Hava çirkliliyinin azaldılması öz əlimizdədir” - Ekspert

Xəbər verdiyimiz kimi, dekabrın 11-də Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində COP29-un Azərbaycanda keçirilməsi barədə qərar rəsmi şəkildə elan olunub.

Metbuat.az xəbər verir ki, qərara əsasən COP29 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək.

İqtisadçı-ekspert Elman Sadıqov bu barədə danışıb. Ekspertin sözlərinə görə, hər il baş tutan bu Konfrans 1995-ci ildən etibarən keçirilir:


“COP iqlim dəyişiklikləri üzrə BMT-nin Çərçivə Konvensiyasının həyata keçirilməsini monitorinq edən və bu Konvensiyaya düzəlişlər etməyə səlahiyyəti olan qurumdur. Qəbul olunmuş razılığa əsasən, qlobal istiləşməni sürətləndirən karbon dioksidin (CO2) havaya buraxılması həcminin 2025-ci ildə 2005-ci ildəki həcmə nisbətdə 28 faiz və 2030-cu ildə isə 45 faiz azaldılması qərara alınıb. 2050-ci ildə isə havaya buraxılan karbon dioksidin 0 olacağı nəzərdə tutulur. Ən yaxın hədəf sayılan 2025-ci il üçün kifayət qədər iddialı olan bu hədəfə çatmaq çox çətin görünür.

Karbon dioksid emissiyasının azaldılmasını təşviq etmək məqsədilə, Paris İqlim Dəyişikliyi Sazişinin 6-cı maddəsinin ikinci yarımbəndində deyilir ki, “tərəflərə öz milli iqlim öhdəliklərində əks etdirmək üçün digər ölkələrdə (və ya digər tərəflər) qənaət edilmiş və ya qarşısı alınmış karbon tullantılarından istifadə etməyə icazə verilir”. Başqa sözlə, yəni bir ölkə, bir böyük müəssisə öz kvotasının istifadə edilməmiş hissəsini digər ölkə və ya müəssisəyə sata bilər. Bunun üçün Avropada Emissions Trading System (ETS) qurulmuşdur və həmin sistemdə illik pul dövriyyəsi 51.4 milyard avrodan çox qiymətləndirilir. 2022-ci ildə 25 milli və 20 submilli bazarda kvota ticarəti baş vermişdir”.

Bu barədə Avropa Komissiyasının araşdırmalarından sitat gətirən iqtisadçı vurğuladı ki, XX əsrin əvvəllərində hər il havaya 2 milyard ton karbon dioksid qazı (CO2) atılırdısa, 2022-ci ildə bu göstərici 37.15 milyard ton olmuşdur. 2023-cü ilin sonuna bu rəqəmin 37.55 milyard ton olacağı gözlənilir:

“Enerji və sənaye sektorlarında istixana effekti yaradan bu qazların 36.7 faizi təkcə Çinin (2021-ci ildə 11 milyard 336 milyon ton) payına düşür. 2021-ci ilin nəticələrinə görə, növbəti 4 top ölkə: ABŞ (5 milyard 032 milyon ton), Hindistan (2 milyard 674 milyon ton), Rusiya (1 milyard 712 milyon ton), Yaponiyadır (1 milyard 602 milyon ton). Ümumiyyətlə, 10 ölkə bütün karbon dioksid emissiyasnda 67 faizlik “paya” sahibdir. Qeyd olunanlar nəzərə alındıqda, məhz inkişaf etmiş ölkələrin iqlim dəyişikliyinə qarşı layihələri maliyyələşdirmələri nəinki təbiidir (bəzən kiçik ölkələrə qarşı daha sərt tələblər irəli sürülür və ya layihələri maliyyələşdirmək bir lütf kimi təqdim olunur), hətta bu istiqamətdə daha çox işlər görməyə və məsələyə daha çox maliyyə ayırmağa borcludurlar".

Ekspert qeyd etdi ki, Azərbaycanın karbon dioksid emissiyasında 1990-cı illə müqayisədə kifayət qədər azalma var:

“Bu, Sovet dövründə mövcud olmuş bir sıra sənaye müəssisəsələrinin və 1990-cı ildən sonra ölkədə olan istilikxanaların bağlanması ilə əlaqədardır. Azərbaycanda karbon dioksid (CO2) emissiyası 1990-cı ildə 58 milyon ton, 1999-cu ildə 26 milyon ton, 2005-ci ildə 30 milyon ton, 2010-cu ildə 25 milyon ton, 2018-ci ildə 35 milyon ton olub. Nəzərə alsaq ki, bütün dünyada karbon dioksid (CO2) emissiyası 1990-cı ildən indiyə qədər 60 faizdən çox artıb, Azərbaycanın bu göstərici üzrə kifayət qədər böyük azalma nümayiş etdirməsi, əlbəttə, təqdirəlayiqdir. Lakin bu göstərici müsbət olsa da, arxayınlaşmaq olmaz. Çünki dünyada baş verən çirklənmə ölkəmizə də təsir göstərir və biz yenə də iqlim dəyişikliyinə məruz qalmaqdayıq və qalacağıq. Bu səbəbdən ağac əkilməsi, meşə örtüyünün payının artırılması çox vacibdir".

E.Sadıqov hesab edir ki, qlobal iqlim dəyişikliyinin təsirini azaltmaqda bizim kimi kiçik ölkənin imkanları məhdud olsa da, ölkəmizdə hava çirkliliyinin azaldılması öz əlimizdədir və hər bir Azərbaycan vətəndaşının bu sahədə töhfəsi ola bilər:

“Məsələn, qazdan qənaətlə istifadə etmək, avtomobilin təkər(lər)inin havası azdırsa, onu vaxtında normaya çatdırmaq. Avtomobilin yanacaq sistemini saz vəziyyətdə saxlamaq, qazdan qənaətlə istifadə etmək və sair. Çünki A nöqtəsindən B nöqtəsinə getmək üçün avtomobilinizin nə qədər yanacaq yandırıb havaya karbon dioksid buraxması qeyd etdiyim və etmədiyim bir çox amillərdən asılıdır. Bu məsələlər bizə xırda görünsə də, milyonlarla avtomobillərdə ən cüzi dəyişikliyin ekologiyaya təsirini təsəvvür edə bilərik. Böyük yolun qət edilməsi kiçik addımlardan başlayır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR