Ənvər Sadıqov və “Qaytağı” instrumental ansamblı gənclərlə görüşüb - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti Ənvər Sadıqov və onun rəhbərlik etdiyi “Qaytağı” İnstrumental Ansamblı ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi Riad Cəbrayılov 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlərin keçirildiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan ziyalıları ilə gənclərin “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən görüşləri olduqca unikal və mədəni proseslərdə iştirakçılıq qabiliyyətlərinin artırılaraq müxtəlif vəzifələrin icrasına müvafiq şəraiti yaradacaq amilə çevirilib. Müasir və peşəkar musiqi platformasının formalaşmasında günümüzdə gənclərə olan diqqət və qayğıdan söhbət açan Riad Cəbrayılov bu səpkidə keçirilən müxtəlif tədbirlərdən bəhs edib.

Daha sonra Xalq artisti Ənvər Sadıqov geniş təqdimatla çıxış edib. Sənətçi Ulu Öndər Heydər Əliyevlə bağlı olan ən zəngin xatirələrindən, peşəkar Azərbaycan musiqi mədəniyyətinin təbliği və inkişafı, müasir musiqi industriyasında mövcud ənənələr, intellektual improvizasiya, sənətkar amilindən söhbət açıb.

Tədbir “Peşəkar Azərbaycan musiqisində Heydər Əliyev amili”, “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində musiqinin rolu” və “Yaradıcı musiqi platformasının inkişafında yanaşma” mövzularında panel müzakirə ilə davam edib. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün bədii hissəsində Xalq artisti Ənvər Sadıqov və “Qaytağı” İnstrumental Ansamblının ifasında müxtəlif musiqi nümunələri təqdim olunub.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR