HƏMAS İsrailin atəşkəs çağırışına cavab verdi

HƏMAS işğal altındakı Qəzzada yeni humanitar fasilə və əsir mübadiləsi üçün çağırış edən İsrailə cavab verib.

Metbuat.az xəbər verir ki, HƏMAS-ın yüksək rütbəli rəsmilərindən biri olan Basem Naem bildirib ki, yeni razılaşmanın əldə edilməsi üçün İsrail ordusu Qəzzada hərbi əməliyyatları tamamilə dayandırmalıdır. Basem Naem “Biz xalqımıza qarşı təcavüzün dayandırılmasına və Fələstin xalqına kömək məqsədilə keçidlərin açılmasına töhfə verəcək hər cür təşəbbüsə açığıq” deyə bildirib. Naem İsrailin hücumları tamamilə sona çatana qədər girov mübadiləsi ilə bağlı hər hansı danışıqların əleyhinə olduqlarını təkrar edib.

Qeyd edək ki, İsrail Prezidenti İsaak Hersoq “İsrail Qəzzada girovların azad edilməsi üçün yeni humanitar fasiləyə hazırdır” deyə bəyan etmişdi. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə İsrail və Fələstin arasında girov mübadiləsinə dair yeni sazişə dair diplomatik səylər davam edir.

Diplomatik mənbələr Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani, Mossad rəhbəri David Barnea və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns arasında Polşanın paytaxtı Varşavada toplantı təşkil edildiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR