Lənkəranın payız mənzərəsi - FOTOREPORTAJ

Payızı təkcə saralmış yarpaqların sarı, qızılı rənginə görə qızılı adlandırmırlar ki... Payız sözün bütün mənalarında ilin qızıl çağıdır, təbiətin şah əsəridir, ulu yaradanın yer üzünə ilahi sevgi payıdır. Payız ilin sehirli dövrü, mifik çağıdır, əfsanəvi nağıllar dünyasıdır...Payız sözlə yazıya gəlməz, sözə, gözə sığışmaz bir aləmdir və bu aləmin bütün gözəlliklərini gözünüzlə görmək, sehirli gücündən qüvvət alıb ruhunuzu təzələmək istəyirsinizsə, ilin bu çağında yolunuzu Xan Lənkərandan salın.

Payız xan Lənkəranda qadir rəssam əliylə çəkilmiş ilahi pannodur, bütün rənglərin bir-birinə qarışdığı və bu rənglər palitrasının ümumi bir ahəng yaratdığı möcüzəli bir dünyadır.

Bu dünyanı bütün sehri ilə duymaq, zövq almaq istəyirsinizsə, ömrünüzdən zaman oğurlayın-Talış meşələrinə yolunuzu salın. Vallah, təkcə gözünüz gözəllik görməyəcək, bütün iç dünyanız təmizlənəcək, ruhunuz saflaşacaq, bütün ağrı-acıları, gündəlik qayğıları çiyninizdən ataraq yenidən doğulmuş kimi hiss edəcəksiniz özünüzü. Payız küləyinin qopartdığı, oynatdığı, yerə saldığı saralmış yarpaqlar düşüncələr aləminizi yeniləyəcək. Hiss edəcəksiniz ki, payızda ağacların öz yükünü təbiətə, torpağa təslim etməsinin də öz fəlsəfi, ruhi mənası var-hər şey torpaqda başlanır, torpaqda da bitir...

...Bitməyən tək şeysə gözəllik duyğusudur...İnsan özündən asılı olmayaraq gözəl gördüyü hər şeyi sevir. Xan Lənkəranın payız mənzərəsi isə bir ayrı aləmdir. Onu sevməmək sadəcə mümkünsüzdür. Burda könlünüz növbəti payıza qədər yetəcək sevgi yükü götürəcək...

Xan Lənkəranıma gəlin, qızılı, narıncılı, xəzanlı payızını görün, birbaşa təmasda olun. Toxunun dəmirağacı budaqlarına, min rəngə çalan yarpaqlarına...Xəyaylarınız təzələnəcək bu təmasdan, qəlbinizə sevgi dolacaq. Ruhən yenidən doğulacaqsınız, ağacı, təbiəti, Lənkəranı, dünyanı, yaradanı-kainatı sevəcəksiniz!

Xan Lənkəranımıza gəlin, ömrünüzün payız qatarına bu diyarın payızının rəng çalarını qatın...Burda payız elə gözəldir ki...Qızılı payız ifadəsi elə elə bu diyara ithafən deyilib...Qızıl Lənkəranın qızılı payızı, sən yurduma ilahi nemətsən!...Vallah, buranın payızı digərlərinə bənzəmir...Bu diyarın özü kimi əsrarəngizdir,özəldir, gözəldir...Yaradan sevgi ilə yaradıb, ayrı bir yozumu, çözümü yox...

“Cənub mirvarisi, qızıl Lənkəran, sən payızda necə sevimlisən, necə də sehirlisən, xüsusən qızıl payızda!

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova / Metbuat.az

Fotolar Xalid Kərimovundur


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR