"Böyük çillə" başlayır: Cənub bölgəsində bu gün necə keçirilir?

Bu gündən Azərbaycanda 40 gün davam edən "Böyük çillə" başlayır.

Metbuat.az xəbər verir ki, bu günün anlamı barədə folklorşünaslar müxtəlif rəvayətlər danışırlar. Əski təsəvvürlərə əsasən, “çillə” ilin qış fəslinin bölgülərinə verilən addır.“Çillə” “cehl” sözündən olub qırx rəqəmini bildirir. El-oba arasında qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə “çillə” deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. Bəzən adamlar bir müsibətli bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək üçün xüsusi ayin icra ediblər, bu da “çillə kəsmə” adlanır.

Xalq təqvimi: Kiçik çillənin böyük “qardaşı” - AZƏRTAC

“Çilləbeçə” isə qış fəslinin və ilin son 30 günü olan Boz ayın (21/22 fevral – 21/22 mart) el-oba arasında deyilən adlarından biridir. “Çilləbeçəyə” hər biri yeddi gündən ibarət “cəmlələr” adlanan 4 həftə – çərşənbə daxildir. Xalq, el-oba bu çərşənbələrin hər birinə xüsusiyyətlərinə görə adlar vermişdir. Əski inama görə, bu çərşənbələrin dördündə təbiətdə və cəmiyyətdə canlanma, oyanma, dirilmə prosesi gedir.

Çillə bayramı - qışın başlandığı gün

Çox qədim zamanlarda qışın başlanması münasibətilə el-oba ilin ən uzun gecəsində “Çillə qarpızı” kəsib mərasim keçirirlərmiş. Belə bir inam var ki, çillə qarpızı yeyən adam çətin xəstələnirmiş. Buna görə də xəstələrə çillə qarpızı ən böyük töhfə hesab edilir. Çillə qarpızından nişanlı qızlara da pay aparılır.

Cənub bölgəsində dekabrın 21-i, çillə axşamı özünəməxsus xüsusiyyətləri olan bayram kimi qeyd olunur. Xüsusilə Lənkəranda dekabrın 20-də evlərdə bəzənən süfrələrin üzərində mütləq qarpız, balqabaq və şirniyyatlar olmalıdır.

Bu barədə Metbuat.az-a danışan Məsumə Nəhmətova bildirdi ki, ata-babadan "Çillə axşamları" xüsusi bayram kimi keçirilib.

"Bizim zamanımızda böyük süfrə qurular, yaydan xüsusilə bu gün üçün saxlanılan qarpızı ortalığa gətirib hər kəs ondan bir dilim yeyərdi. Nənəmiz deyərdi ki, kim bu qış qarpızından yesə canı möhkəm olar, xəstəliklər ona yaxın gəlməz. İsti yeməklərdən balqabaq plovu, duzlu balıq bişirərdilər. Həmin gecə odun üzərində qorğa qovurub uşaqlara paylayardılar".

Məsumə xanım deyir ki, süfrəyə düzülən “Çillə qarpızı” və ya ağ balqabaq bolluq, bərəkət rəmzi hesab olunurmuş:

"İndi bu adətlərə o qədər də riayət edən olmasa da, yaşlı nəslin nümayəndələri hələ də dekabrın 20-də heç olmasa bir qarpız kəsib qışın gəlişinə hazırlaşırlar. Lənkəranda nişanlı qızlara isə xüsusi qarpız xonçası göndərilir. Qız evi isə həmin qarpızı kəsib bir hissəsini oğlan evinə geri göndərir. Bu birlik, ruzi bərəkət rəmzi sayılır".

Qeyd edək ki, xalq arasında qış fəsli çillə adı ilə 3 yerə bölünür. Bunlardan Böyük çillə 40, Kiçik çillə 20, Boz ay isə 30 gün davam edir. Ümumiyyətlə, Çillə gecəsi Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, Şəmsi ilinin, Dey ayının başlanğıc gecəsi, Azər ayının sonuncu gecəsi və Novruz bayramına 3 ay qaldığını bildirən ən uzun gecədir.

Atəşpərəstlərin inanclarına görə, bu gecə Xeyir (Axura Mazda) Şər (Əhrimən) ilə kəskin mübarizə aparmışdır. Çillə gecəsi Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbistər, Marağa, Naxçıvan, Şəki, Gəncə və digər şəhərlərdə daha təmtəraqla qeyd edilir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR