Dini Konfessiyaların Məşvərət Şurası Prezident İlham Əliyevi təbrik edib

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə böyük dəyər kəsb edən səylərinizdə Uca Yaradandan uğurlar diləyirik.

Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə, dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk ediləcək hadisə miqyasına malikdir. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət dastanını dünya tarixinin səhifələrinə möhtəşəm Zəfər Günü ilə həkk etmiş şəxsiyyət olaraq Zati-aliniz Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu təsbit etdi. Tarixi ədalətin bərpası - əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq qalib gəldiyiniz Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm etdirdiyi kimi, 15 oktyabr - Xankəndi Zəfəri millət olaraq ləyaqət və şərəfimizin bərpasını əyan etdi. Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini - Ata vəsiyyətini yerinə yetirmiş Zati-alinizin Azərbaycan cəmiyyətinə bəxş etdiyi bu təntənəli tarixi günə görə hər bir azərbaycanlının qəlbində özəl yeri vardır.

Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir. Şükürlər olsun ki, Vətənimizə, millətimizə uğurlar yaşadan Sizin kimi Liderimiz var. Böhranları üstələyə bilən iqtisadiyyatı, örnək siyasi mədəniyyəti, dini-mənəvi dəyərləri, multikultural ənənələri ilə tanınan Azərbaycan dünyaya örnəkdir. Bütün bunlar, heç şübhəsiz ki, Sizin güclü, ardıcıl siyasi iradənizin sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri reallaşdırır. Allah evlərinin, məbəd və ibadət məkanlarının yenidən inşa-bərpası ilə bağlı qətiyyətli iradə və fəaliyyətiniz bizi hədsiz sevindirir.

Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən multikultural ənənələrimizə istinadən Sizin qlobal müstəvidə dinlər və sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək dəyərləndiririk. Sizin təvəllüd gününüz bizə xoş fürsət verir ki, Zati-alinizin Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkürlərini bir daha ifadə edək. Azərbaycandakı müxtəlif dini konfessiyaların nümayəndələri - dindarlar və din xadimləri fəxr edir və inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını Zəfər çalmış xalq yüksəkliyinə qaldırmış Zati-alinizin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır.

Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi, beynəlxalq miqyasda həmrəyliyə xidmət edən ideyalarınızı dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların duaları hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, Siz Uca Allahın köməyi ilə Azərbaycan xalqının dəstək və həmrəyliyi, sonsuz məhəbbət və dərin etimadını haqq etmisiniz və bu, Ulu Tanrının lütfüdür. Bu xoş fürsətdən istifadə edərək Azərbaycanda siyasi hakimiyyətə gəlişinizin 20-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dövlətimizə və xalqımıza bəxş etdiyiniz uğurlu inkişaf yolu və tarixi nailiyyətlərə görə səmimi təbriklərimizi ifadə edirik. Həyatını Azərbaycana həsr etmiş, anadan olmasının 100-cü ildönümü tamam olan Ulu Öndərin bütün fəaliyyət və əməlləri kimi, ailə ocağında yetişmiş övlad da Azərbaycan xalqının səadətinə xidmət etməkdədir.

Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların Məşvərət Şurası adından Sizi - Azərbaycan dövlətinin müzəffər dövlət başçısını bir daha ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizə uğurlar diləyirik. O Bir Olan Yaradanımız hər zaman yardımçınız olsun, Lütf və Mərhəmətini Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,

Arximandrit Aleksiy Nikonorov

Rus Pravoslav Kilsəsinin və Azərbaycan Yeparxiyasının katibi,

Yepiskop Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol
prefekturasının ordinarisi,

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR