Psixologiyanı şou-biznesə çevirənlər - "Gündəmdə az qalacaqlar"

"Elə psixoloqlar var ki, gözəl savadları var, amma yalnız nəzəriyyə ilə bitir savadları, praktik təcrübələri yoxdur və ya bildiklərini tətbiq etməkdə çətinlik çəkirlər".

Bunu Metbuat.az-a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova deyib. Onun sözlərinə görə, hazırda psixologiya sahəsində xaos mövcuddur. Bəzi psixoloqların daim qalmaqallı, şou xarakterli açıqlamalar verməsinə səbəb isə marketinqdir:

"Çünki son zamanlarda yağışdan sonra çıxan göbələklər kimi marketoloqlar, targetoloqlar meydana çıxdı və insanları irəli çəkmək üçün onlara xüsusi texnikalar, fəaliyyət növləri öyrətməyə başladılar. Psixoloqlara bu istiqaməti aşılayan məhz marketoloqlardır, onlara təklif edirlər ki, mən sizin biznesinizi irəli çəkə bilərəm. Ona görə son zamanlarda bu qalmaqallı açıqlamalar verilir, kimsə kiməsə söz atır və s.

Əvvəllər bunu biz sadəcə şou-biznesdə görərdik, o da marketinq məqsədli idi. Psixoloqların qalmaqallı açıqlamalarını da bununla bağlamaq olar. Amma məncə bu müvəqqətidir, bir dalğadır, istiqamətini həqiqətən düzgün götürənlər sona qalacaqlar. Hazırda bir şou var və bu şou bir müddət çəkəcək, qısa müddət qalacaqlar gündəmdə".

Gülşən Rüstəmova həmçinin son illərdə ölkədə psixoloqların sayının çoxalması ilə bağlı danışarkən qeyd etdi ki, insanlar psixoloqun hansının savadlı, hansının savadsız olduğunu təyin etməlidilər:

"Bir mütəxəssisə müraciət edən zaman məlumat almalıyıq ki, onun neçə il stajı var, hansı müəssisədə təcrübə keçib və s. Biz insanları nə qədər maarifləndirməyə çalışsaq da, bu onların öz marağında deyilsə, buna göz yumacaqlar. Yaxşı mütəxəssis tapmaq insanların öz marağında olmalıdır".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR