Bakıda 8 manata mal əti satılır - Buna kim nəzarət edir?

"İstehlakçılar antisanitariyalı yerlərdən almamalıdırlar. Həmin yerlərdən alınan ət təhlükəlidir".

Metbuat.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakının "8-ci kilometr” bazarında kilosu 8-9 manata satılan ətin keyfiyyətindən danışarkən deyib.

Sədrin sözlərinə görə, heyvan kəsimləri mövcud qanunvericiliyə görə mərkəzləşdirilmiş yerlərdə aparılmalıdır:

"Bu ətlər qeyri-normal mənbələrdən gətirilir. Qida Təhlükəsizlik Agentliyi mütləq məsəliyə nəzarət etməlidir. Bakının "8-ci kilometr” bazarı əhalinin ən çox şikayət etdiyi yerdir. Burada təhlükəsizliyi təmin olunmayan hər cür mal satılır. O cümlədən ət bazarı da bərbad vəziyyətdədir. Bu barədə birliyə çox saylı zənglər gəlir. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizlik Agentliyi bir çox məsələlər kimi bunu da həll edə bilmir".

Eyyub Hüseynov hesab edir ki, bunun ciddi səbəblərindən biri qanunlarda olan boşluqdur:

"Qida Təhlükəsizlik Agentliyi fəal yoxlama aparmaq üçün bir neçə dövlət orqanından icazə almalıdır, qarşı tərəfə məlumat verməlidir ki, səni yoxlamağa gəlirik və s. Ona görə Azad İstehlakçılar Birliyi bəyan edir ki, qida sahəsində cəld yoxlamalar aparmaq üçün müxanizmlər işlənilməlidir. Bu yolverilməzdir, orada hər cür ət satılır".

Sədr Azərbaycanda istəlinən ətin satılmasının mümkün olduğunu qeyd edib:

"Ənənəvi olmayan heyvan ətinin satılmasına rəsmi olaraq qanunla qadağa qoyulmalıdır. Ucuz mal ətləri nə ola bilər? Həddindən artıq yaşlaşmış mal ətinin qiyməti aşağı qiymətə təklif edilir. Adətən belə mal ətləri kolbasa, sosiska sexlərinə verilir və eyni zamanda bu bazara da çıxarılır. Həmin ət çox bərk olur, ucuz qiymətə təklif edilir”.

Eyyub Hüseynovun fikirincə, Qida Təhlükəsizliyi Agentliyi "8-ci kilometr” bazarında vəziyyəti dəyişsə, əhalinin onlara inamı artar:

"Təssüf ki, bunu etmir, ya etmək istəmir, ya da etməyə qadir deyil. Biz gərək istehlakçılarla elə bir maarifləndirmə işi aparaq ki, belə hallar olmasın, əhali belə yerdən ət almasın”.

Qeyd edək ki, Bakının "8-ci kilometr” bazarındakı ət bazarında ucuz qiymətə ət satılır. Əhali bu ətlərin haradan kəsilib gətirildiyini bilmir. Hazırda ölkədə mal ətinin qiyməti 14-15 manat olduğu halda sözü gedən bazarda mal əti 8-9 manata təklif edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR