2014-cü ildən aktiv fazada davam edən Moskva-Kiyev arasındakı soyuq münasibətlər 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməyə başlaması ilə gərginliyin pik həddinə çatdı.
İşğal beynəlxalq səviyyədə pisləndi və bu, bir çox ölkələrin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə və mövcud sanksiyaların gücləndirilməsinə səbəb oldu.
Xüsusilə Qərbin bu münaqişədəki maraqları ön plandadır. Münaqişənin başlanğıcında Kiyevə aktiv dəstək nümayiş etdirən Qərb dövlətləri sonradan bu yardımları azaltmaq barədə fikirlər səsləndirməyə başladılar. Hazırda Rusiyanın Avropa banklarında olan dondurulmuş aktivlərini Ukraynaya yönəltməyə çalışan Qərbin əsas planı Moskvanın pulu ilə Kiyevdəki müharibəni daha da uzatmaqdır.
Bəs qarşıdakı 2024-cü il münaqişənin həlli üçün dönüş nöqtəsi ola bilərmi?
Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı Metbuat.az-a bildirdi ki, bu barədə fikir söyləmək çətin olsa da, reallıq odur ki, Rusiya müharibədə üstünlük qazandı:
“Qərb Ukraynanın axıra qədər müdafiə etmədi. Artıq Avropada 5-6 ölkə də Ukraynaya yardımla bağlı mövqedən geri çəkilirlər. Amerikanın özündə də Kiyevə yardım ayrılması ilə bağlı ciddi fikir ayrılıqları var. Amma Amerika rəhbərliyi müəyyən mənada Ukrayna prezidenti Volodimir Zelenskini öz tərəfində saxlamağa çalışır. Ona bir başa “yox” cavabı verməkdən ehtiyat edirlər.
Ukrayna Qərbdən kömək almadan Rusiyaya qarşı dayana bilməyəcəkdir. Bu kömək də kifayət qədər azalmağa başlayıb. Rusiyanın müharibəyə davam etmək üçün müəyyən daxili imkanları və potensialı var. Xatırlatmalıyam ki, uzunmüddət davam edən müharibə Rusiyanın həm iqtisadiyyatına, həm siyasi münasibətlərinə ağır zərbələr vurdu.
Amma bu şəraitdə də Rusiya iqtisadiyyatını inkişaf etdirə bilib. Baxmayaraq ki, Qərblə iqtisadi əlaqələr kəsildi, amma şərq və cənub istiqamətində xüsusəndə Çinlə və İranla münasibətlər yarandı. Bu amillər daxilində Rusiya situasiyadan daha az itkilər verərək çıxdı”.
Akif Nağı hesab edir ki, müharibənin bitməsi üçün tərəflər istədikləri o həddə çatmalıdırlar:
“Makiavellinin belə bir ifadəsi var: “Müharibəni nə vaxt istəyirsən, başlaya bilərsən, amma bitirmək çətindir”. Əgər Rusiya və Ukrayna bacarsalar müharibəni bitirəcəklər. Bunun üçün də ya bir tərəf tam şəkildə qalib gəlir, ondan sonra müharibə bitir, ya tərəflərin, məqsədləri yerinə yetir, ondan sonra münaqişə bitir.
Rusiyanın məqsədi Krımı arxa plana keçirmək idi. Putin istəyirdi ki, heç Krımın ilhaqından danışmasın, Rusiya da Şərqi Ukraynada Donetsk və Donbasda möhkəmlənsin. Bu məqsədlərə demək olar ki, Rusiya çatıb. Rusiya ekspertlərinin dilindən səslənir ki, Putinin götürmək istədiyi iki şəhər var. Bu, Odessa və Xarkovdur. Düzdür, hökümət bunu birbaşa səsləndirmir, amma müxtəlif yollarla niyyətini dilə gətirir.
Ukraynanın məqsədi isə Krımı geri qaytarmaq, Şərqi Ukraynada Rusiyanın müdaxiləsinin qarşısını almaqdır. Bu müharibədə bu günə qədər Ukrayna heç bir məqsədinə nail olmadı”.
Siyasətçi vurğuladı ki, Ukrayna arxasında dayanan Qərbin məqsədi Rusiyanın iqtisadiyyatına maksimum zərbə vurmaq idi. Onların bu niyyətlərinə çatdıqlarını qeyd edən Akif Nağı düşünür ki, Ukraynanın demokratikləşməsi, inteqrasiyası ilə bağlı məsələlər ancaq şüarçılıq səviyyəsində idi:
“Ukraynanın Donesk və Donbas vilayətləri istisna olmaqla digər ərazilərində artıq Amerika hökmranlıq edir. Ona görə də sülh müqaviləsində Rusiya və Amerika maraqlı tərəf kimi görünür. Ukraynanın mövqeyi təbii ki, nəzərə alınmır. Bu baxımdan, böyük ehtimalla müharibə 2024-cü ilin sonuna doğru yaxınlaşacaq. Yəqin ki, hansısa formada sülh müqaviləsi və yaxud atəşkəs elan oluna bilər. Amma məsələnin tamamilə bitməsi uzun çəkəcək”.
Bu yaxınlarda Finlandiyanın müdafiə naziri Antti Hakkianen Ukraynadakı müharibənin illərlə davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Nazir vurğulayıb ki, bunun üçün Rusiyanın kifayət qədər potensialı var: “Avropa liderləri Ukraynada müharibənin dalana dirənməsindən getdikcə daha çox narahat olmağa başlayırlar. Qərbin, Ukraynanın qalib gəlməsi barədə deyilənlərin çoxu şişirtmədir”.
Siyasi şərhçi Kənan Novruzov deyir ki, nəinki ABŞ-la Avropa İttifaqı arasında, hətta ayrı-ayrılıqda Avropa İttifaqının və ABŞ-nin özündə belə Ukraynaya dəstəklə bağlı fikir ayrılığı, ziddiyyətlər var:
“Qərb aktyorlarının Ukraynadakı müharibə ilə bağlı maraqları və mövqeləri fərqlidir. Ukraynaya olunan dəstək nəticəsində Ukraynanın imkanları Rusiyanın imkanları səviyyəsində bərabərləşir.
Biz görürük ki, heç bir tərəf ciddi strateji uğur əldə edə bilmir. Vəziyyət təkcə hərbi potensialından deyil, həm də siyasi şəraitdən asılıdır. Gələn il həm Ukraynada, həm Rusiyada, həm də ABŞ-də prezident seçkiləri keçiriləcək. Hesab edirəm ki, hər üç ölkədə prezident seçkilərinin nəticəsi birbaşa müharibənin nəticəsinə təsir göstərəcək.
Əgər ABŞ-də hakimiyyətə respublikaçı Donald Tramp gələrsə, Ukraynada və Rusiyada hakimiyyət dəyişilsə bu müharibənin bitməsi üçün yeni imkanlar yarada bilər. Çünki Donald Tramp ümumiyyətlə, əvvəllər bir neçə dəfə deyib ki, müharibəni bir sutkaya dayandıra bilər. Şübhəsiz ki, bu, Ukraynaya dəstəyin azaldılması, yaxud tamamilə dayandırılması fonunda baş verəcək. Ukraynada və Rusiyada ehtimal olunan hakimiyyət dəyişikliyi nəticəsində yeni liderlər bir-biri ilə dil tapa bilərlər. Yox, əgər hakimiyyət dəyişikliyi olmasa, bu, müharibənin bəlkə də daha bir neçə il davam eləməsinə şərait yarada bilər. Çünki faktiki olaraq nə Rusiyanı, nə də Qərbi qane edən nəticə yoxdur”.
Gülbəniz Hüseynli / Metbuat.az