ATV-də “SƏHNƏ” açılır: İncə zövqlü tamaşaçılar üçün yeni layihə - VİDEO

Sənət xiridarlarının səbirsizliklə gözlədiyi, teatr sənətinə həsr olunan və tam fərqli bir üslubda hazırlanan “Səhnə” adlı layihə yanvarın 6-da, saat 22-də, ATV telekanalında yayımlanacaq.

Metbuat.az xəbər verir ki, həyat gerçəkliklərini əks etdirən səhnə ilə, teatrla bağlı bir çox televiziya layihələri olub.

Lakin “Səhnə” layihəsi tam fərqli yanaşmada tamaşaçıların mühakiməsinə veriləcək. Səhnə və kulis, yaradıcılıq axtarışları, səhnə korifeylərimizin həyat və sənət dünyası, eyni zamanda, Azərbaycan teatrının keçdiyi tarixi yol, milli teatrımızın inkişaf mərhələləri kimi məqamlar yeni layihənin əsas hədəflərindəndir.

Maraqlı məqamlardan biri də odur ki, layihənin ideya müəllifi və rəhbəri də, verilişin aparıcısı da məhz sənət dünyasının məşhur simalarıdır. Belə ki, layihənin rəhbəri tanınmış teatr rejissoru, prodüser Ələkbər Tağızadə, aparıcısı isə Xalq artisti Fəxrəddin Manafovdur.

Qloballaşma, internet və özündə milyonlarla informasiya daşıyan sosial şəbəkələr, bayağı kontentlər hərdən insanlarda əsil sənət və sənətkar kriteriyalarını elə aşındırır ki, bəzən mənəvi qida təlabatı belə arxa plana keçir. Eləcə də, sənətlə bağlı fikir mübadilələri, mübahisələr, düşüncələr, axtarışlar da müasir insanın gündəmindən çıxır.

Məhz belə bir dönəmdə tamaşaçılara təqdim olunacaq “Səhnə” telelayihəsi teatrımızın keçmiş şöhrətini özünə qaytarmaqla yanaşı, əsil sənət xiridarı olan yüksək zövqlü tamaşaçı da formalaşdırmağa çalışacaq. Bir sözlə, bir-birindən maraqlı sənət hekayələrini izləmək istəyirsinizsə, yanvarın 6-da, saat 22-də ATV kanalında “Səhnə”yə baxın.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR