Ölkəmizdə təhsil sahəsində ən çox müzakirə edilən problemlərdən biri kolleclərlə bağlıdır. Ümumilikdə bu pillədə təhsilin zəif olması, məzunların öz sahələrinə uyğun iş tapmaqda çətinlik çəkməsi və tədrisin yetərli olmaması kimi problemlərin fonunda tez-tez kolleclərin bağlanması ilə bağlı təkliflər də edilir. Eyni zamanda, inkişaf etmiş ölkələrin təhsil sisteminə nəzər yetirsək görərik ki, Azərbaycanda kollec təhsili öz mahiyyətini də bir qədər itirib.
Metbuat.az sözügedən məsələlərlə bağlı mütəxəssislərin fikirlərini öyrənib. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev deyir ki, o, kolleclərin bağlanması ilə qətiyyən razı deyil, sadəcə olaraq bu pillədə təhsilin keyfiyyətini yaxşılaşdırmaq lazımdır:
"Ümumiyyətlə bütün dünyada kollec təhsilinə çox böyük önəm verilir. Böyük tarixə malik olan bu təhsil pilləsi mütəxəssis hazırlığında hər bir ölkədə öz rolunu oynayır. Sovet vaxtı bu kolleclər “texnikum” adlanırdı, sonradan dəyişdik. Elə ölkələr var ki, orada kollec təhsili universitet təhsilindən yüksəkdə durur. Bunu deməkdə məqsədim odur ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müqayisələr vacibdir.
Bu gün kolleclərin bazalarında, müəllimlərdə, tədris proqramlarında və s. problemlər mövcuddur. Biz kolleclərin inkişafı ilə bağlı mütəmadi olaraq öz təkliflərimizi vermişik. Kolleclər universitetlərin nəzdinə veriləndə düşünürdük ki, bu qərar kolleclərin inkişafına səbəb olacaq. Əksinə, bu mərkəzləşmiş, şaquli idarəetmə kollecləri daha da zəiflətdi".
Millət vəkili hesab edir ki, bu problemlərin həlli üçün kolleclərlə bağlı xüsusi proqram qəbul olunmalıdır:
"Biz qanun qəbul etdik ki, universitetlərə qəbul imtahanlarında subbakalavrlara ixtisas üzrə minimum müsabiqə balı verilsin. Lakin indiki situasiya göstərir ki, bu məzunların ali təhsil pilləsindəki nailiyyətləri də qənaətbəxş deyil. Bu o deməkdir ki, Azərbaycanda kollec təhsili təhsilin mühüm pilləsi kimi qiymətləndirilməyib.
Kolleclərin inkişafı üçün ali məktəb müəllimləri burada mütəmadi dərs deməlidir, eyni zamanda kollec proqramları ilə universitet proqramlarının unifikasiyası lazımdır. Həmçinin universitetlər əldə etdikləri gəlirin bir qismini kolleclərə xərcləməlidirlər".
Kolleclərlə bağlı mövcud problemlərdən danışan təhsil üzrə ekspert Kamran Əsədov isə hesab edir ki, bəzi ixtisaslı kolleclər bağlanmalıdır:
"Bizdə kollec məzunlarının bilik səviyyəsi çox aşağıdır. Hətta monitorinq aparılarkən məlum olmuşdu ki, pedaqoji kolleclərin məzunları müəllimlərin işə qəbulu imtahanlarında müsbət nəticə göstərə bilmirlər.
Maliyyə ixtisası üzrə kolleclərin olmasına ehtiyac yoxdur. İqtisad Universitetinin profili kifayət qədər genişləndirilib. Digər ali məktəblərdə də iqtisadiyyatın müəyyən sahələrində mütəxəssislər hazırlanır. Bundan başqa, pedaqoji ixtisaslar ümumiyyətlə kolleclərdən çıxarılmalıdır. Çünki ali təhsil məssisələrində bu ixtisaslar üzrə yetərincə kadr hazırlığı həyata keçirilir. Kolleclərdə pedaqoji ixtisaslar üzrə həyata keçirilən kadr hazırlığı çox aşağı səviyyədədir.
Digər əmək tələbatına dair ixtisaslara mütəxəssis hazırlığı aşağı səviyyədədir. Kolleclərə ayrılan vəsaitləri peşə məktəblərinə yönəltmək lazımdır. Peşə təhsil sistemi get-gedə inkişaf etsə, kollec təhsili sıradan çıxacaq".
Təhsil eksperti həmçinin kollecləri bitirən məzunların iş təminatı ilə bağlı problemlərə də toxunub:
"Kollec təhsili Azərbaycanda dəyər və tutum kəsb etmir. Kolleci bitirən tələbələrin ali məktəblərə daxil olmalarına keçid həyata keçirilsə də, kollec təhsilinin keyfiyyətində ciddi dəyişiklik görmürük. Əsas məsələ kollec məzunlarının işlə təminatı ilə bağlıdır. Kollec məzunlarının işlə təminatı həddindən artıq çətin prosesdir. Əmək bazarında kollec məzunlarına çox az yer verilir.
Kolleclərin universitetlərin nəzdinə verilməsi də kollec təhsilinin keyfiyyətini yaxşılaşdırmadı. Əksinə, asılılığı artırdı. Sovet dövrünün texnikum modeli davam edir. Nə müəllim heyətinin keyfiyyətində, nə maddi-texniki bazada, nə də kollec təhsilinin qiymətləndirilməsi istiqamətində hər hansı addım atılıb".
Cavidan Mirzəzadə / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.