Azərbaycanla BƏƏ arasında siyasi münasibətlərə qısa baxış - TƏHLİL

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirlikləri COP29-un keçirilməsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi bu il ölkənin COP29 tədbirinin keçirilməsi ilə bağlı seçilməsinə görə təbrik edərkən deyib.

İki prezident arasında keçirilən geniştərkibli görüşü zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bunun bütün dünyanın Azərbaycana etimadının bir təzahürü olduğunu qeyd edib.

“Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq”, - o deyib.

Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ovaxtkı Baş katib Amr Musa ilə görüşüb, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış edib.

2014-cü ildə Ər-Riyadda keçirilmiş birinci “Ərəb Dövlətləri Liqası - Orta Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu”nun yekunu olaraq qəbul edilmiş Bəyannamədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb.


BƏƏ 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci il sentyabrın 1-də ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb.

İllər ərzində ölkələrimiz arasında mövcud ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunub. Belə ki, 2021-ci ildə Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 50,42 milyon ABŞ dolları təşkil edib. BƏƏ ilə xarici ticarət saldosu mənfi 22,34 milyon ABŞ dolları olub.

2022-ci ilin yanvar-noyabr aylarında isə Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 94,62 milyon ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 36,60 milyon ABŞ dolları olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2022-ci ilin yanvar-noyabr aylarında BƏƏ ilə ticarət dövriyyəsi 2,34 dəfə, o cümlədən ixrac 5,17 dəfə, idxal isə 4,49 faiz artıb.

İki ölkə arasında uzun müddətdir davam edən münasibətlər barədə Metbuat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, müsəlman dövlətlərindən biri olan Azərbaycan siyasi nöqteyi-nəzərdən hər zaman Birləşmiş Ərəb Əmirliklərinin dəstəyinə arxalanıb və dəfələrlə bu güvən özünü sübut edib.

“Ərəb dövlətləri sırasında sosial, iqtisadi, enerji nöqteyi nəzərdən Birləşmiş Ərəb Əmirlikləri xüsusi yer tutur. Bildiyiniz kimi, BƏƏ dünyanın mühüm iqtisadi, siyasi mərkəzlərdən biridir. Qeyd edim ki, iki ölkə arasında olan münasibətlər hazırkı mövcud vəziyyətdə də aktuallıq kəsb edir.

Bildiyiniz kimi, Azərbaycan bu il BMT-nin iqlim dəyişiklikləri ilə bağlı mühüm COP- 29 tədbirinə ev sahibliyi edəcək. Sonuncu bu tədbir Birləşmiş Ərəb Əmirliklərində keçirilmişdi. Elə Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ilə bağlı məlumatlar da Dubayda açıqlandı.

Xatırladım ki, dövlətlər arasında viza rejiminin sadələşdirilməsi, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi hazırda atılan praktiki addımlar həm turizmin inkişafına xidmət edir, həm də çox rahat vətəndaşlarımızın səfər etməsinə şərait yaradır”.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

Politoloq qeyd etdi ki, geopolitik mövqedən də BƏƏ BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti ərzində Azərbaycana qarşı qarayaxma və məkrli kampaniyaların da qarşısını alıb.

İlyas Hüseynov hesab edir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin həm iqtisadi, sosial, həm də demoqrafik cəhətdən təcrübəsindən istifadə edə bilər:

“Birləşmiş Ərəb Əmirliklərinin şəhərsalma, infrastruktur, insan yönümlü şəhər və bu kimi müasir trendlərdə yaxşı təcrübəsi vardır. Hazırda bu təcrübənin bölüşdürülməsi, öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Xatırladım ki, Bakının 2040-cıilə qədər Baş planı da təsdiqlənmişdir və artıq bu istiqamətdə şəhərimizə işlərin də getdiyini görürük. Ümumiyyətlə, Azərbaycan müasir dünya standartlarına uyğunlaşdığı bir zamanda, qardaş Birləşmiş Ərəb Əmirliklərinin bu istiqamətdə olan təcrübəsini öyrənməkdə də fayda vardır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR