Naxçıvanda müəllimlər vahid formaya keçir? - RƏSMİ AÇIQLAMA

Son günlər müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrinin pedaqoji heyətinin vahid uniformaya keçməsi tələbi ilə bağlı məlumatlar yer alıb.

Metbuat.az xəbər verir ki, məsələyə nazirlikdən münasibət bildirilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan pedaqoji heyətin vahid uniformaya keçməsi barədə hər hansı qərar və ya tapşırıq verilməsi ilə bağlı yayılan məlumat dezinformasiyadır və həqiqəti əks etdirmir.

"Bildiririk ki, müəllimlərin etik davranış prinsipləri və tələbləri, geyim qaydaları, cəmiyyətdə özünüifadə formaları, loyallıq, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətləri və s. kimi tələb və gözləntilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları" ilə tənzimlənir.

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən qərar və tapşırıqlar qanunvericilikdə öz əsasını tapan normativlərə uyğun verilir. Əlavə olaraq bildiririk ki, hər hansı fakta söykənməyən, rəsmi təsdiqini tapmayan dəqiqləşməmiş məlumatların media qurumlarında paylaşılması 150 ilə yaxın müddətdə formalaşmış milli media dəyərlərimizə və peşəkar jurnalistika anlayışına ziddir. Həqiqəti əks etdirməyən məlumatların ucuz populyarlıq naminə yayılması cəmiyyəti çaşdırmağa xidmət edir.

Bildiririk ki, gələcəkdə bu kimi hallar təkrarlanarsa, hüquqi müstəvidə tərəfimizdən adekvat addımlar atılacaq. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq. Eyni zamanda media nümayəndələrinə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə bağlı məlumat paylaşarkən media üzrə məsul əməkdaşımız vasitəsilə məlumatı dəqiqləşdirməyi tövsiyə edirik", - məlumatda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR