Bakıda sexdəki yanğın tam söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın tam söndürülüb.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

14:40

Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb.

Bu barədə Metbuat.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki. Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub.

Məlumata görə, xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir.

***

14:19

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

***

12:25

Paytaxtın 7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.

Metbuat.az xəbər verir ki, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Məlumata görə, hadisə bir neçə dəqiqə öncə baş verib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR