Lənkəranda 36 saatdır elektrik enerjisi bərpa edilə bilmir - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, yanvar ayının 13-dən respublika ərazisində yağan qar Cənub bölgəsinin enerji təsərrüfatına ciddi ziyan vurub.

Hadisədən 36 saatdan çox vaxt keçməsinə baxmayaraq, hələ də ciddi tədbir görülməyib. Məsələ ilə bağlı Metbuat.az-ın Lənkəran şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb.

"Azərişıq" ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən isə bildirdilər ki, hazırda bu sahədə yaranmış problem aradan qaldırılmaqdadır.

Metbuat.az məsələ ilə bağlı "Azərişıq" ASC-nin metbuat xidməti ilə də əlaqə saxlayıb. Mətbuat xidmətindən bildirilib ki, Lənkəran şəhərinin enerji təsərrüfatında yaranmış problemə səbəb zamanında şəhərin yaşıllaşdırma idarəsi tərəfindən iri budaqlı ağacların budanmamasıdır:

“Nəticədə, qarlı hava həmin ağacları qıraraq yüksək gərginlikli naqillərin üzərinə salıb. Biz də məcbur olub enerji verilişini dayandırmışıq. Bu işlərə cavabdeh olan şəxslər məsələni həll etməlidirlər. Yerli icra hakimiyyəti işləri yekunlaşdırdıqdan sonra enerji verilməsi bərpa ediləcəkdir”.

Qeyd edək ki, rayonda telefon, mobil rabitə yaxşı işləmir, kəndlərdə isə ümumiyyətlə iflic vəziyyətindədir. Lənkəran şəhərinin mərkəz küçələri ilə yanaşı Sütəmurdov, Haftonu, Hirkan kəndlərinin sakinləri də işıqsız qalıblar. Bu barədə şikayət edən vətəndaşlar bildiriblər ki, bir neçə gündür həm işıq, həm yol təsərrüfatında yaranmış problemlərin həll olunmaması həyat şəraitlərini çətinləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı