Azərbaycanda pensiya alanların sayı açıqlandı - RƏSMİ

Azərbaycanda 1 milyon 99 min nəfər pensiya alır.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunmuşdur. İlkin məlumatlara əsasən 2024-cü ilin əvvəlinə ölkədə pensiyaçıların sayı 1 milyon 99 min nəfərə yaxınlaşaraq ölkə əhalisinin 10,8 faizini təşkil edib. Həmin dövrə 443,8 min nəfər aylıq sosial müavinət, 395,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2023-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına təyin olunmuşlar da daxil olmaqla birdəfəlik müavinət alanların sayı 169,6 min nəfər təşkil edib.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün beş il müddətinə birdəfəlik müavinət təsis edilib, 2023-cü il yanvarın 1-dən onun məbləği 600 manat müəyyən olunub.

İlkin məlumatlara əsasən, 2024-cü ilin əvvəlinə 65 minədək aztəminatlı ailənin 275 minədək ailə üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği təxminən 114 manat təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR